Trampdan dünyaya qorxunc Milad “təbrikləri”
    • 29-12-2024, 19:12
    • 160

Trampdan dünyaya qorxunc Milad “təbrikləri”

“ABŞ Prezidenti Co Bayden və Donald Tramp çərşənbə günü tamamilə ziddiyyətli Milad mesajları veriblər. Bayden “xeyirxahlıq və şəfqət” haqqında qısa, ənənəvi mövsümi mesaj göndərərkən, Tramp Milad mesajlarında yenə ərazi iddialarına işarə edib. Trampın Panama kanalını ələ keçirilməsi, Qrenlandiyanın satın alınması və Kanadanın ilhaqı ilə bağlı mesajları beynəlxalq aləmdə narahatlığı artırıb”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Tramp solçulara da maraqlı mesaj göndərib:

“Tramp deyib ki, “Məhkəmə sistemimizə və seçkilərimizə daim mane olmağa çalışan radikal sol çılğınların Milad bayramını təbrik edirəm”.

Baydenin “bütün amerikalılara” bayram istəklərindən fərqli olaraq, Tramp postlarında ölkə daxilində və xaricində siyasi qütbləşməni gücləndirməyə çalışır. Donald Tramp birinci dəfə prezident seçiləndə də rəqiblərini hədələmişdi. Onun 31 dekabr 2016-cı ilə mesajında bunlar yazılmışdı: “Çoxsaylı düşmənlərim və mənimlə mübarizədə uduzub, indi əlacsız qalanlar da daxil olmaqla, hamının Yeni il bayramını təbrik edirəm”.

Tramp budəfəki Yeni il təbrikində Panama kanalına “xüsusi yer ayırıb”. “Panama kanalını qanunsuz istismar edən Çinin sevimli əsgərlərini təbrik edirəm” cümləsində həm Panama dövlətinə, həm də Çinə təhdid yer alıb. Tramp vaxtilə ABŞ-a məxsus kanalın yanlış olaraq Panama dövlətinə verildiyini bildirib”.

Politoloq deyib ki, Tramp bunu Vaşinqtonun böyük səhvi adlandırır:

“Tramp hesab edir ki, Panama dövləti kanaldan istifadə edən ABŞ ticarət gəmilərindən böyük miqdarda gömrük haqqı alır. Tramp cüməsində Çini ona görə xatırladıb ki, Pekin son illərdə Panama dövlətinə böyük yatırımlar həyata keçirib. Çinin Panama kanalının ətrafında ümumi həcmi bir neçə milyard dollarlıq yatırımları var. Bu səbəbdən Pekin Trampın “Panama kanalı Amerikaya məxsus olmalıdır” təhdidinə ciddi yanaşıb.

Pekinin Trampa mesajı var: “Çin hesab edir ki, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı qarşılıqlı faydalıdır. Heç kim ticarət müharibəsində və ya tarif müharibəsində qalib gəlməyəcək”. Bu Pekinin Trampa xəbərdarlığıdır ki, Ağ Evin yeni sahibi ticarət müharibəsinə başlasa, Çinlə yanaşı ABŞ da zərər görəcək. Trampdan sərt mövqe gözləyən Çin Asiyanın böyük dövlətləri, xüsusən Hindistan, Yaponiya, İndoneziya və Vyetnam ilə münasibətlərində taktiki düzəlişlər etmək məcburiyyətində qalacaq”.