-
- Bu gün, 00:54
- 402
Gərginlik artdı – Azərbaycanın iki müttəfiqi müharibəyə hazırlaşır
Son günlərdə yerli və xarici mediada İsrail-Türkiyə qarşıdurmasının başlayacağına dair xəbərlər dərc olunur. “The Jerusalem Post” Nagel Komitəsinin hesabatına istinadən məlumat verir ki, İsrailin illik müdafiə büdcəsi dörd milyard dollar artırılmalıdır. Məqalədə Türkiyənin Osmanlı İmperiyasını bərpa etməyə çalışdığı bildirilib.
Bu mümkündürmü? Hazırkı geopolitik şərtlər daxilində Türkiyə ilə İsrail müharibəyə başlaya bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İsrail və Türkiyə münasibətlərində zaman-zaman gərginlik yaşanır:
“Xüsusilə də İsrailin Fələstində və Yaxın Şərqdə həyata keçirdiyi siyasət Türkiyədə böyük narazılıq yaratdı. Uzun müddətdir ki, İsrail-Türkiyə münasibətlərinin gərginliyinin şahidi oluruq. Lakin tərəflər arasında müharibənin baş tutması gözlənilmir. ABŞ-da Donald Trampın hakimiyyətə gəldiyi bir vaxtda münasibətlərin kəskinləşəcəyi ehtimalı inandırıcı deyil.
İsrail Türkiyəyə qarşı təxribatlar həyata keçirir. Məsələn, Suriyada PKK uzantıları olan YPG/PYD-nin dəstəklənməsi buna nümunədir. İsrail Türkiyəyə qarşı cəbhələr yaradır, Ankara əleyhinə şəxslərdən ibarət kürd dövlətçiliyinin də Suriyada fəaliyyət göstərməsi üçün çalışır”.
Politoloqun sözlərinə görə, “The Jerusalem Post”un məqaləsində iki ölkə arasında mövqe müharibəsinə başlanılmalı olduğuna dair işarələr verilib:
“Söhbət Suriyadan gedir. İsrail burada mövqelərini qoruyub saxlamağa çalışır. Lakin bunun sonu fiaskodur. ABŞ-ın yeni rəhbərliyi bəyan edib ki, Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəklər. Açıq şəkildə Türkiyə Suriyada digər güclərə qalib gəldi. Bundan sonra da bölgədə qazanmaq istəyənlər Türkiyə ilə birgə hərəkət etməlidirlər.
Ümumilikdə, Türkiyə və İsrail arasında açıq müharibə gözlənilmir. Çünki rəsmi Ankara NATO üzvüdür, İsraillə eyni qanadda təmsil olunur. Bu iki ölkə həm də Birləşmiş Ştatların yaxın müttəfiqləri olduğundan belə bir qarşıdurma rəsmi Vaşinqtonun marağında deyil”.