Mətbuat Şurasında iki şikayətə baxıldı - FOTO
    • 19-07-2019, 18:48
    • 703

Mətbuat Şurasında iki şikayətə baxıldı - FOTO

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

News24.az xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya ilk olaraq “Vest Produkt Marketinq” MMC-nin direktoru M.Tağıyevin “Birincitv.az” internet portalının baş redaktoru Elçin Əlibəyliyə qarşı şikayətini araşdırıb. Komissiya müəyyən edib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 1-ci prinsipinin (Həqiqətə xidmət, dəqiqlik və obyektivlik) 1.2 maddəsinin tələbləri (jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır) pozulub. Şirkət barədə ciddi ittihamların yer aldığı yazılarda faktların dəqiqləşdirilməsi üçün lazımi addımlar atılmayıb. Buna görə də “Birincitv.az” internet portalına xəbərdarlıq edilməsi barədə rəyə gəlinib.

Komissiya üzvləri AMİP mətbuat katibi vəzifəsini icra edən Əli Orucovun “Reaksiya TV” internet televiziyasının rəhbəri Zaur Qəriboğluna qarşı şikayətini də araşdırıb. Bununla əlaqədar əlavə araşdırmalara ehtiyac olduğundan məsələnin şuranın katibliyində ətraflı araşdırılması məqbul sayılıb.