Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının İCLASI KEÇİRİLDİ - FOTO
    • 3-10-2019, 14:15
    • 581

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının İCLASI KEÇİRİLDİ - FOTO

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Mətbuat Şurasının mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iclasda əvvəlcə “Tac Mahal” MTK-nın inşa etdiyi binanın sakinləri adından Ağalar Cavadov, Əsgər Hüseynov və  Habil Məmmədovun  “Gundemxeber.az” xəbər saytına qarşı şikayətinə baxılıb. Bəlli olub ki, bina sakinləri ilə MTK rəhbərliyi arasında yaranmış narazılığın ciddi əsasları var. Narazılıq yaradan səbəblərin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına müraciət edilib və rəy alınıb.

 “Gundemxeber.az” xəbər saytı isə mövzu ilə bağlı hazırlayıb yayımladığı materialda birtərəfli davranıb. MTK sədrinin özünə bəraət qazandıran açıqlamalarını yayımlasa da, qarşı tərəfin - sakinlərin  mövqeyinə əhəmiyyət verməyib. Komissiya üzvləri bildiriblər ki, “Gundemxeber.az” xəbər saytının adı MŞ-nin “qara siyahısı”nda olduğundan Şikayətlər üzrə Komissiya bu barədə əlavə rəy vermir. Bu baxımdan şikayətçilərə müvafiq orqanlara müraciət ünvanlamaq tövsiyə olunub.  

Komissiya üzvləri Ucar rayon sakini Mirsəfa Musayevin bir sıra onlayn media qurumlarına qarşı şikayətini də araşdırıb. Musayev Ağdaş rayonunun bir qrup sakinin adından imzalanan, Ağdaş RİH-dən şikayət motivli ərizəyə özünün adının  şikayətçi qismində daxil edilməsindən narazıdır. Ucar rayon sakini olan şikayətçi ümumən Ağdaşla hər hansı bir bağlılığının olmadığını bildirib. KİV-lər isə dəqiqləşdirmə aparmadan onu da şikayətçi qismində təqdim ediblər.

İclasda iştirak edən KİV təmsilçiləri yol verilmiş yanlışın aradan qaldırılması üçün razılığa gəliblər. Bununla məsələ öz həllini tapıb.