XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
    • 21-07-2019, 22:56
    • 1 137

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib

Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

News24.az xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.

Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Teymur Məmmədov
Fotolar:Fərid Şabanov