Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq marşrutuna DAXİL EDİLDİ
    • 22-07-2019, 14:47
    • 786

Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq marşrutuna DAXİL EDİLDİ

Mədəniyyət Nazirliyi tərəfindən respublikamızın ərazisində yeni mədəni marşrutların yaradılması, mövcud olanların inkişafı, Avropa Şurası Mədəni Marşrutlar şəbəkəsinə qoşulması, habelə həmin təşkilatla daha sıx əlaqələrin formalaşdırılması və ölkəmizin layiqincə təmsil olunması ilə bağlı olan işlər davam etdirilir.  

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 2018-ci ilin 26-28 sentyabr tarixində Almaniya Federativ Respublikasının Görlitz şəhərində keçirilən Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda “Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəniyyəti və incəsənətinin, o cümlədən mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların cəlb olunması məqsədilə təqdimat, və “Zeytun ağacları” marşrutunun ekspertləri ilə görüş keçirilib. Görüşdə Avropa Şurasının mədəni marşrutunun ekspertlərinin Azərbaycana səfər etməsi qərara alınıb.

Məlumat üçün bildiririk ki, Almaniyanın Görlitz şəhərində keçirilmiş görüşdə alınan qərara əsasən 2019-cu ilin 20-24 may tarixində sözügedən ekspert qrupu ölkəmizdə səfərdə olmuşdur. Səfərin əsas məqsədi Azərbaycanın zeytunçuluq sahəsində mövcud təcrübəsinin və “Zeytun ağacları” mədəni marşrutuna qoşulmasının mümkünlüyünün araşdırılması olmuşdur. Səfər çərçivəsində ekspertlərin Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevlə, eyni zamanda zeytunçuluq sahəsində ixtisaslaşmış bir sıra şirkətlərin rəhbərlikləri ilə görüşləri olmuş, həmçinin həmin şirkətlərin zeytun bağlarına, zeytun emalı zavodlarına baxış həyata keçirilib.

Ekspert qrupunun səfərindən sonra onlar tərəfindən hazırlanmış hesabat Avropa Şurasına təqdim olunmuş və Azərbaycanın bu mədəni marşruta qoşulması yekdilliklə qəbul olunub.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutu arasında “Razılaşma” sənədi imzalanıb.

Beləliklə, adıçəkilən mədəni marşruta qoşulmaq üçün aparılan işlərin məntiqi nəticəsi olaraq Azərbaycan cari ilin 12 iyun tarixində Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib.