Gənclər Fondu 22 minlik qanun pozuntusu edib?  - Açıqlama
    • 23-07-2019, 22:24
    • 1 042

Gənclər Fondu 22 minlik qanun pozuntusu edib?  - Açıqlama

Bu gün Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Heftelik.az saytı Gənclər Fondunun Nizamnaməsinə zidd olaraq, gənclər təşkilatı olmayan 3 QHT-nin layihəsinə 22 min manat dəyərində maliyyə ayırması iddiası ilə çıxış edib.


News24.az xəbər verir ki, "Qafqazinfo"ya açıqlama verən Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məsələyə aydınlıq gətirib. Qurum rəsmisi adları sadalanan qeyri-hökumət təşkilatlarının hər biri uzun illərdir ki, gənclər siyasəti və gənclərlə iş sahəsində fəaliyyət göstərdiyini bildirib:


"Gənclər Fondunun Müşahidə Şurası tərəfindən qrant layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərar verilərkən təqdim olunan layihənin ictimai əhəmiyyəti, gənclər üçün faydası, gənclər siyasəti ilə uyğunluğu, eyni adlı və ya eyni məzmunlu layihənin digər donorlar tərəfindən maliyyələşdirilmiş olmaması və layihəni təqdim edən təşkilatın (qeyri-hökumət təşkilatının)  gənclər sahəsindəki təcrübəsi xüsusi nəzərə alınır.


Adları sadalanan qeyri-hökumət təşkilatlarının hər biri uzun illərdir ki gənclər siyasəti və gənclərlə iş sahəsində fəaliyyət göstərir, onların gənclərlə bağlı layihələri həm Gənclər Fondu, həm də digər donor təşkilatlar tərəfindən dəstəklənir. Eyni zamanda, həmin təşkilatların maliyyələşdirilən layihələrinin adlarına da baxsaq, görünür ki həmin layihələrin hamısı gəncləri əhatə edir. Odur ki, əsassız məlumatı yayanlara əvvəlcə Fondun rəhbər tutduğu normativ aktlarla tanış olmaları tövsiyə olunur".


Qeyd edək ki, 22 min manat dəyərində maliyyə "İsmayıllı İntellektual Oyunlar Klubu" İctimai Birliyi ( 5 min 900 manat), "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (9 min manat), "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi (7 min 300 manat) təşkilatlarına ayrılıb.