Bu gün bunları MÜTLƏQ EDİN! - SU ÇƏRŞƏNBƏSİNƏ ÖZƏL

Bu gün bunları MÜTLƏQ EDİN! - SU ÇƏRŞƏNBƏSİNƏ ÖZƏL Sosial
Bu gün Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar.

Bu günlə bağlı News24.az-a danışan folklorşünas Sevinc Qasımova bildirib ki, bütün Novruz çərşənbələrində olduğu kimi, Su çərşənbəsində də çay kənarında tonqal qalanır. Suyun paklığını tərənnüm edən nəğmələr səsləndirilir, mərasimlər keçirilir: “Novruzun ilk çərşənbəsinin atribut yeməyi lobyalı, mərcili plovdur. Süfrədə mütləq su olmalıdır”. 

S.Qasımova bildirib ki, bu çərşənbədən başlayaraq evlərdə səməni qoyulur: “Su çərşənbəsi inanclarına görə, evin damına buğda atırlar ki, ev bərəkətli, bol ruzulu olsun. Mən özüm də bu adətə əməl edirəm”. 

Folklorşünas sulaşma adətindən də söz açıb: “Bölgələrimizdə insanlar bulaq, çay üstünə gedib oradan su içirlər, üzlərini yuyurlar. Hətta bu çərşənbənin sulaşma adlı adəti var. İnsanlar bir-birinin üzərinə su çiləyirlər. Həmin sudan çay hazırlayırlar, çörək bişirirlər, körpələrə, xəstələrə içirirlər, yaralara məlhəm kimi istifadə edirlər. İnanclara görə, bu tarixdə bulaqların suyu şəfalı olur. Kənd yerlərində yaşayanlar sübh çağı axar suyun üzərindən 3 dəfə tullanaraq “ağırlığım-uğurluğum, azarım-bezarın bu suya tökülsün” deyirlər. Hətta bəz yerlərdə çaydan tullandıqdan sonra kənar yerdə saxsı qab da sındırırlar. Uğursuzluqların, xəstəliklərin sınan qabla getdiyinə inanırlar”. 

Sevinc Qasımova daha bir maraqlı adəti də açıqlayıb: “İnsanlar çaydan bir ovuc daş götürərək evin künclərinə, ərzad qablarına atırlar. İnanca görə, bunun anlamı evdə olan ruzi, bərəkətin daş kimi evdə qalsması inancıdır". 

O, həmçinin Novruzun unudulan adətindən də danııb:“Əvvəllər mürvət toyu keçirilərdi. Mahiyyəti ondan ibarət idi ki, El-oba bir araya gəlib yetim, kimsəsiz uşağa toy edərdi. Bu, çox gözəl adət idi. Bu adət unudulub. Zənnimcə, bu, Novruz bayramının ən gözəl adəti idi. Ümumiyyətlə, Novruz paylaşım, barışıq bayramıdır”.