Avtomobil yandı, tüstüdən boğulan turistlər son anda XİLAS EDİLDİ
    • 29-07-2019, 18:21
    • 641

Avtomobil yandı, tüstüdən boğulan turistlər son anda XİLAS EDİLDİ

Bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi “Mersedes” markalı mikroavtobusda qısqapanmadan tüstülənmə baş verib.

Daxili İlər Nazirliyinin mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar. Yanan maşının tüstüsünün salona dolması səbəbindən sərnişinlərin boğulma təhlükəsi ilə üzləşiblər. Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakusiya ediblər. Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.

Araşdırma zamanı maşında olan şəxslərin ölkəmizə səfərə gələn xarici turistlər olduğu və onların Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiyaya getdikləri müəyyən edilib.

Qeyd edək ki, hadisəyə vaxtında müdaxilə edildiyindən xəsarət alan olmayıb. Turistlər operativ reaksiya göstərərək onların yanan maşından çıxarılmasını təmin etdikləri üçün polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Hadisədən sonra turistlərin yol polisləri tərəfindən əraziyə çağrılan digər avtobusla ekskursiyaları davam etdirmələrinə şərait yaradılıb və onların yol patrul avtomobili ilə müşayət edilməsi təmin olunub.