Qolbaq və qol saatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
    • 30-07-2019, 16:36
    • 980

Qolbaq və qol saatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitədən News24.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajı rentgen qurğusundan keçirilən zaman monitorda şübhəli əşyaların təsviri əks olunub. Bu səbəbdən sərnişin saxlanılıb və onun yükü təkrar yoxlanılıb.

Yoxlamadan öncə vətəndaşa gömrüyə bəyan edilməli olan əşyaları könüllü şəkildə təqdim etməsi təklif olunub. O, əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) və 35 000 türk lirəsini, 3 ədəd "Rolex" markalı qol saatlarını üzərindən və əl çantasından çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 10 ədəd qolbaq-üzük (bir-birinə bitişik) ümumi kütləsi 41,49 qram olan 585 əyarlı qızıldan hazırlanmış məmulatdır. "Rolex" markalı qol saatlarından 1 ədədi 750 əyarlı qızıldan hazırlanmış və çəkisi 222,67 qramdır. 2 ədədi isə 193,49 qram və 130,66 qram kütləli paslanmayan poladdan hazırlanmış saatlardır.
Faktla bağlı araşdırma aparılır.