Metrodan xəbər var - Gəzən şaiyələrə aydınlıq gətirildi
    • 4-07-2018, 12:50
    • 1 294

Metrodan xəbər var - Gəzən şaiyələrə aydınlıq gətirildi

Bu gün Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur. 

Ərazidə qalan şəxslər bildirirlər ki, mövcud avtobuslar sərnişinləri daşımaq üçün yetərli deyil. Buna görə də onlar uzun müddət dayanacaqda gözləmək məcburiyyətində qalıblar.


News24.az-a sərnişinlərin dediyinə görə, problem bütün metro stansiyalarda hökm sürür. Avtobusların azlığı sıxlığın yaranmasına səbəb olub.


Məsələylə bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.


B. Məmmədov bildirib ki, elektrik enerjisinin dayanıqlı verilməsinə əminlik olmalıdır, ona görə, hazırda qatarlar test rejimindədir. 


Qatarların nə zaman normal rejimdə işə başlayacağı sualına isə B. Məmmədov belə aydınlıq gətirib: “Hal-hazırda yerüstü nəqliyyat daşımaları fəaliyyətini davam etdirir. Metroların nə zaman işə düşəcəyiylə bağlı heç bir məlumatımız yoxdur”.

 

Bakı sakinləri enerji böhranının yenidən təkrarlanmasından narahatdır. Şəhərdə əhali arasında işıq və suların yenidən kəsiləcəyi barədə şaiyələr gəzir.


Bu məsələylə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.


Tanrıverdi Mustafayev bildirdi ki,sistemdə heç bir narahatlıq yoxdur. “Bizim sistemimizdə heç bir problem yoxdur. Abonentlər rahatlıqla paylayıcı şəbəkə tərəfindən təmin olunub. Biz yüksək səviyyədə hazırıq” -deyə qeyd etdi.


“Azərenerji”nin əməkdaşıyla əlqaqə saxladıq. Əməkdaş açıqlamasında bildirdi ki, “Problem aradan qaldırılıb. Demək olar ki, elektrik enerjisinin verilişindəki məhdudiyyət aradan götürülüb. Hal-hazırda sistemin fəaliyyətinin dayanaqlığının möhkəmləndirilməsi ilə bağlı müvafiq texniki tədbirlər həyata keçirilir. Heç bir narahatlıq yaranmasın, bu sadəcə fors-major bir hadisə idi, bu keçdi və bitdi.” 


Elvin Nüsrətoğlu