
-
- 24-03-2025, 15:35
- 303
Dönər niyə zəhərləyir? - “Əgər 1 saat içində...”
Son vaxtlar dönərdən zəhərlənmə hadisələrinin sayı artıb.
Cəld, ayaqüstü, qısa zamanda hazırlanan və nisbətən ucuz başa gələn dönərlə bağlı nəinki paytaxtda, eləcə də bölgələrdə vətəndaşlar problemlə üzləşirlər. Qeyd edək ki, ötən il 9 nəfər Şəmkirdə dönərdən zəhərlənərək xəstəxanaya müraciət etmişdi. Bundan başqa toyuq dönərindən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatmışdı. 14 -15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla dönərdən zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Bugünlərdə isə Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənən bir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla 6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib. Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb. Göründüyü kimi, dönərdən zəhərlənmə hallarının sayının getdikcə artması onunla bağlı müxtəlif suallar yaradır.
Bu da bir faktdır ki, dönər bir çox dünya ölkələrində istehlak edilir. Bəs ölkəmizdə dönər istehlakı zamanı zəhərlənmələrin qarşısını necə almaq olar?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Cebheinfo.az”-a bildirib ki, dönərlərdən kütləvi zəhərlənmələrin sayı artdıqca, ötən ilin oktyabrında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Dönər emalı və dövriyyəsinə dair sanitariya norma və qaydaları" adlı yeni texniki hüququ akt layihəsi hazırlayıb:
"Sənəd dövlət reyestrinə daxil olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Sənəddə bir çox məqamlar var ki, bunlar sırf riskli qida olan dönərin zəhərlənmədən qoruma hallarının qarşısını almaq üçün vacib olan amilləri nəzərdə tutub. Burada əsasən dönər hazırlanmasını həyata keçirən, qida subyektlərinə və obyektlərinə, eyni zamanda çiy dönər emalı və təhllükəsizliyinə, eyni zamanda keyfiyyətinə, texniki emalına, dövriyyəsində bütün tələblər əks olunub.
O, əsasən "Kodeks Alimentariusun" komissiyasının, eyni zamanda Avropa Parlamentinin, Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan bir layihədir. Bu layihələr təqdim olunub və təsdiqləndikdən sonra ona uyğun şəkildə hazırlanan dönər təbii ki, insan sağlamlığına zərər verməyəcək. Ancaq bütün bunlara baxmayaraq, hazırda aparılan monitorinqlərin nəticələri və eyni zamanda da keyfiyyətsiz dönər emal edən müəssisələrin sayının çox olması istehlakçıları bir daha xəbərdar edir ki, bu kimi qidaları alarkən diqqətli olsunlar”.
O bildirib ki, immun sistemi zəif olan insanlar, azyaşlılar daha həssasdırlar. Eyni zamanda, gün ərzində ilk olaraq qəbul etdikləri qida belə qarışıq, düzgün emal olunmamış dönər olduqda, zəhərlənmə, eləcə də həzm problemlərinə səbəb ola bilər:
“Xüsusilə də dönər zəhərlənməsində sadəcə ətin keyfiyyəti rol oynamır. Eləcə də ət tam bişmədikdə, digər istifadə edilən məhsullar keyfiyyətsizdirsə, ətin bişirilməsində istifadə olunan alovla birbaşa təmas varsa, əriyən yağların alova damlayır və bu səbəbdən ətin bişməsində zərərli qazlar yaranırsa, təhlükə yaradır. Xüsusilə də ətin yağ tərkibi, bişmə müddəti, temperaturu, istiliklə təması mütləq şəkildə diqqətdə olmalıdır. Əks halda, düzgün şəkildə bişməyən dönər insan sağlamlığına zərər verə bilər".
Mütəxəssisin sözlərinə görə, digər önəmli bir məqam dönər bişirildikdən sonra sərin temperaturda 18-25 dərəcədə 1 saata qədər saxlanılmasıdır:
"Ancaq 1 saat ərzində istehlak olunmalıdır. Əgər yay mövsümüdürsə, təbii ki, bu müddət tamamilə azalır. Mütləq şəkildə istifadə edərkən, alarkən diqqət ediləcək əsas məqamlardan biri işçilərin şəxsi gigiyena qaydalarına əməl etməsi, təmiz iş geyimi, əlcəkdən istifadə və mütəmadi olaraq tibbi müayinədən keçmələridir. Əks halda təhlükəli olan və yaxud bu qaydalara əməl etməyən yerlərdən alınan dönərlər hər zaman risk və təhlükə mənbəyidir".