Yasamalda peyda olan bədheybət - VİDEO
    • 28-03-2025, 12:50
    • 9 931

Yasamalda peyda olan bədheybət - VİDEO

Aqşin Evrən yazır…

Rus rejissor var – Andrey Zvyaqintsev. Onun filmi var – “Leviafan”.

2015-də baxmışam.

Əvvəlcə deyim ki, Leviafan Bibliyada adı keçən mifik bədheybət – od püskürən çoxbaşlı dəniz ilanıdır.

İnanmazdım: 10 il əvvəl filmdə tanış olduğum bu bədheybətlə yaz günlərinin birində, Bakı küçəsinin tinində rastlaşaram.

“Leviafan” filmi ilə bağlı təfərrüata varmıram – ilin-günü bu vaxtı kimsə spoyler yeməsin. Amma filmsevərlər gərək mütləq izləsin.

Filmdə Leviafan özünü müxtəlif simalarda göstərir. Bəzən məmur cildində, bəzən həyat yoldaşı, bəzən dövlət qurumu, bəzən dost və s.

Səhnələrin birində Leviafan qarşımıza ekskavator kimi çıxır. Ekskavatorun dağıdıcı başı anidən evə daxil olub hər şeyi alt-üst edir.

Eynilə ötən gün paytaxtın Yasamal rayonu, Birinci Alatava yaşayış massivində olduğu kimi. Tamamilə bənzər səhnələrdir.

Fərq budur ki, rusların Leviafanı daha insaflıdır: sakinlər getdikdən sonra evi dağıdır.

Alatavada peyda olan “yerli” Leviafan isə evdə qadınların, bəlkə də uşaqların olmasına məhəl qoymadı.

21-ci əsrin Bakısında sakinlərin olduğu bir evə belə amansız müdaxilə ilə 44 günlük müharibədə Gəncədə evlərin raketlə vurulması arasında ciddi fərq yoxdur. Mahiyyətcə bənzər aktlardır.

Söküntü işini “Melissa Group” TİKİNTİ şirkəti həyata keçirib. Şirkət bildirib ki, ekskavator sürücüsü səhvən həmin evi dağıdıb. Demə, binadakı 55 evdən 54-ü razılaşıbmış, bircə bu dağıdılan ev razı deyilmiş.

Yəqin, ekskavatorçu dağıdançı bəy 54 evi söküb, birini saxlayacaqdı. Şəxsən fizika elmi şokda! Nyuton saçını yolur. Eynşteyn dizini döyür. Nə bilim, ta o biri cazibəçilər, Allah bilir, nələr edir.

Hadisədə 3 tərəf var – zərərçəkən vətəndaş, şirkət və ekskavatorçu. Hər halda hüquq-mühafizə orqanları məsələni araşdırır, saxlanılanlar var. İnanırıq ki, problem qanunauyğun formada həllini tapacaq.

Həllini tapmalı daha bir problemimiz var:

21-ci əsrin Bakısında pəncərəni açıq qoyanda evə göyərçin, qaranquş, kəpənək girərdi. İndi pəncərəni açıq qoyanda evə bədheybət Leviafan girir – ekskavator cildində, tikinti şirkəti ruhunda.