" Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür” - Nazirlik nümayəndəsi
    • 5-08-2019, 17:51
    • 1 478

" Hazırda hər 100 doğulan qıza 114 oğlan düşür” - Nazirlik nümayəndəsi

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Gənclər və İdman Nazirliyi (GİN) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təşviq Edilməsi üzrə Qlobal Proqram” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə Şamaxı şəhərində gənclər üçün “Bərabər imkanlara əsaslanmış daha yaxşı gələcək naminə” şüarı altında təşkil etdiyi yay məktəbi öz işinə yekun vurub.

Nazirliikdən News24.az-a verilən məlumata görə, 29 iyul – 3 avqust tarixlərində baş tutmuş yay məktəbində paytaxt və ölkənin digər regionlarından olan 16-22 yaşlı 40-dək qız və oğlan iştirak edib.

Tədbirin keçirilməsində başlıca məqsəd Azərbaycanda oğlan uşaqlarına üstünlüyün verilməsi ilə müşayiət olunan gender əsaslı cins seçimi fenomeninin, eləcə də gender əsaslı ayrıseçkiliyin qarşısının alınmasına töhfə vermək və qızların dəyərinin təbliği məqsədilə gəncləri məlumatlandırmaqdan ibarət olub. 

Yay məktəbinin açılış hissəsində adıçəkilən dövlət qurumlarının nümayəndələri çıxış edərək hazırda ölkədə gender ilə bağlı mövcud vəziyyət barədə iştirakçılara məlumat verib, bu sahədə aktual olan problemlər və qarşıda duran çağırışlar barədə söhbət açıb.

ƏƏSMN-nin nümayəndəsi Natiq Əlizadə bildirib ki, doğulan uşaqlar arasında cins nisbəti, yəni hər 100 qıza düşən oğlanların sayı, bioloji normaya uyğun olaraq 102-106 təşkil edir. “Buna baxmayaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür”, deyə N.Əlizadə qeyd edib. 

Daha sonra çıxış edən AQUPDK nümayəndəsi Aynur Veysəlova uşaqların cinsə görə nisbətinin pozulması probleminin gender zorakılığının bir forması olduğunu diqqətə çatdırıb və bildirib ki, bu arzuolunmaz vəziyyətin aradan qaldırılması istiqamətində hökumət tərəfindən mühüm işlər həyata keçirilir. 

Beş gün davam edən tədbirin gündəliyinə gender anlayışı, gender əsaslı cins seçimi və gender ayrıseçkiliyi, gender əsaslı zorakılıq, ailədə məsuliyyət bölgüsü və s. mövzular üzrə təlim sessiyaları daxil edilib. Gənclərə cəmiyyətdə mövcud olan gender stereotiplərinin əsassız olduğunu nümayiş etdirmək məqsədilə yay məktəbinin proqramına sosial sahibkarlıq və idman sahələrində müvəffəqiyyət qazanmış xanımlar dəvət edilib və onlar iştirakçılarla öz uğur hekayələrini bölüşüb. Tədbirin gedişatında iştirakçılara layihələrin yazılması və idarə edilməsinə dair biliklər aşılanıb, gənclər gender və digər mövzularla bağlı layihələrin tərtib edilməsini nəzərdə tutan praktik məşğələlər icra ediblər.
Öyrəndikləri bilik və məlumatları sosial teatr tamaşası və digər interaktiv fəaliyyətlər formatında səhnələşdirən gənclər gələcəkdə öz icmaları daxilində gender problemləri ilə bağlı ictimai vəkillik təşəbbüslərini həyata keçirməyə qadir olduqlarını nümayiş etdiriblər. 

Tədbir ərzində həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) barədə məlumat sessiyası təşkil edilib, gənclərə DİM-ə nail olunmasında qadınların səlahiyyətləndirilməsinin rolundan bəhs edilib.  

Sonda yay məktəbini başa vurmuş iştirakçılara BMT-nin Əhali Fondu tərəfindən sertifikatlar təqdim edilib.   
BMT-nin Əhali Fondu haqqında:

BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.