
-
- 5-04-2025, 23:55
- 940
Müşfiq Abbasovdan kinolardakı obrazlara görə edilən etirazlara SƏRT REAKSİYA
Yazıçı Müşfiq Abbasov sosial şəbəkə hesabında son günlərdə bəzi kinolarda nümayiş olunan neqativ obrazlara – fahişə, narkoman, əyyaş kimi xarakterlərə – müəyyən kənd və qəsəbələrin adlarının bağlanmasına qarşı edilən etirazlara münasibət bildirib.
News24.az xəbər verir ki, o, bu cür narazılıqları "cahillik" kimi qiymətləndirib.
Abbasov bildirib ki, kinolarda hansısa mənfi obrazın konkret bir məkanda yerləşdirilməsi bədii əsərin daxili məntiqinə uyğun ola bilər və buna görə real məkanların sakinlərinin etiraz etməsi absurddur:
"İndi bu fahişə qadın ölkədə hardasa yaşamalıdır da... Vallah bu xalqa nəsə olub. Mən razıyam ki, fahişə obrazı lap elə mənim kəndimdə yaşasın. Axı bu kinodur".
O, həmçinin qeyd edib ki, bəzi hallarda bu etirazlara tanınmış sənət adamları da qoşulur və bu tendensiya sənət azadlığına zərbə vurur:
"Etiraz edənlərdən biri yaşlı bir aktyordur. Yazıq kino çəkənlər. Daha belə obrazlar üçün məkanları xarici dövlətlərə salın".
Müşfiq Abbasovun fikrincə, əgər real həyatda hər yerdə müxtəlif təbəqələrə və həyat tərzinə malik insanlar varsa, bu reallığın sənətə daşınması da təbii olmalıdır:
"Guya kino olmasa nə olacaq ki, hər yerin fahişə və əyyaşı var".
Qeyd edək ki, son zamanlar bəzi filmlərdə mənfi obrazların konkret kənd və ya qəsəbələrə aid edilməsi bir sıra ictimai narazılıqlara səbəb olub və bu məsələ sosial şəbəkələrdə də müzakirələr doğurur.
Aqil Qarayev