Akkord sakinlərindən etiraz aksiyası-
    • 7-08-2019, 16:22
    • 808

Akkord sakinlərindən etiraz aksiyası- "Yayı gözümüzdən gətirdiniz!"

Dünən axşam saatlarında Akkord sakinləri toplaşaraq etiraz aksiyası keçiriblər. Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən Akkord “Uğur 2” yaşayış kompleksində binaların üz qabığının dəyişdirilməsi bır sıra fəsadlara səbəb olub. Bina sakinləri bununla bağlı ciddi etiraz ediblər. 

Sakinlər News24.az-a artıq binalarda yaşamağın dözülməz olduğunu bildiriblər. 

Sakin Sevil Nuriyevanın sözlərinə görə, təmir işləri çox ləng aparıldığına görə, insanların səbri tükənib: “Görün, neçə vaxtdır burda təmir işləri aparılır, bitmək bilmir ki, bilmir... Çox ləng işləyirlər. Bu, bir neçə binadakı təmirdir, qalanlarında hələ təmir başlamayıb”. 

Digər sakin Zaur İbrahimov isə təmirlə bağlı insanlara maddi ziyan dəydiyini bildirib: “Dünən də güclü külək əsəndə bütün divar boyalarının qutuları açılıb eyvanlara, pəncərələrə çilənib. Camaata maddi zərər dəyib. Bu, nə vaxta qədər belə davam edəcək, onu da bilmirik. Bu haqda bizə heç nə demirlər. Neçə vaxtdır uşaqlarımızı həyətə çıxara bilmirik, hər yer bağlıdır. Dörd aya yaxındır üç  binanın işini qurtarmayıblar. O biri binaları nə vaxt qurtaracaqlar, Allah bilir. Biz nə vaxta qədər bu toz-torpağın içində yaşayacağıq?! Neynəyək, köçək gedək burdan?!” 

Digər sakin Fateh Atabəyli isə binaların baxımsızlığından şikayətçidir: “Binalarda liftlər normal işləmir, kommunal xərcin vaxtı gələndə tələb etməyi bacarırlar, amma belə məsələlərə baxmırlar. Ötən ildən qapı üçün domofona 30 manatdan pul yığıblar, hələ də quraşdırmayıb. Onsuz da bu problemlər var idi, ucu-bucağı görünməyən təmir işləri də əsəblərimizi lap tarıma çəkib. Dünən də  küləkdə çölə çıxmağa qorxurduq, deyirdik, indi binalardan başımıza nəsə düşəcək. Çünki hər şey sınıb yerə tökülürdü. Dünəndən xadimələr təmizləyib qurtara bilmir. Bu yayı burnumuzdan gətirdilər. Burdan ev aldığımıza bizi peşman elədilər”. 

Qeyd edək ki, ötən gün polis əməkdaşları axşam saatlarında etiraz üçün binanın qarşısına toplaşan sakinləri dağıdıb. Bildirilib ki, avqustun 6-da saat 11:00-da Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasından nümayəndə heyəti gələcək və şikayətçilərlə görüşəcək. Narazılıqları onlara bildirə bilərlər. 

Akkord sakinlərinin News24.az-a bildirdiyinə görə, verilən vədlərə rəğmən, bu gün şirkət rəsmilərindən heç kim əraziyə gəlməyib. 
Məsələ ilə bağlı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə dəfələrlə əlaqə saxlamağa cəhd etdik. 
Şirkət nümayəndəsi məsələnin məğzini bilən kimi telefonu üzümüzə qapatdı. 

Xatırladaq ki, bir müddət əvvəl də Akkord sakinləri redaksiyamıza şikayət etmişdi. Şirkətdən daxil olan şikyətlərə belə aydınlıq gətirilmişdi: “Təşvişə düşəcək bir səbəb yoxdur. Binanın "alkopon" materialdan olan üzlükləri yanğına davamlı olmadığına görə sökülür. Bu, əhalinin təhlükəsizliyi naminə edilir. O ki qaldı yayda sökülməsi məsələsinə, bununla bağlı Fövqəlada Hallar Nazirliyindən bizə yaxın vaxtlarda göstəriş verilib ki, evlərə çıxarış verilməsi, dövlət reyestrindən keçməsi üçün "alkopon"lar sökülməlidir. Şirkət özbaşına qərar verməyib”.

Afaq Mirayiq