Avtomobillərə dəyən ziyanı kim ödəyəcək? - Bugünkü qəzaya EKSPERT BAXIŞI
Gündəm
Bu gün günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində dəhşətli qəza baş verib. Qəza törədən BYD markalı avtomobil “Bolt” taksi şirkətinə məxsus olub. Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib, 2 nəfər isə xəsarət alıb.
Maraqlıdır, bu hadisədə avtomobillərə dəyən ziyan kim tərəfindən ödəniləcək?
Bu barədə Bakuplus.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Əmirov deyib ki, öncə hadisənin hansı səbəbdən baş verdiyi araşdırılmalıdır:
“Daxili İşlər Nazirliyi tərəfindən qəzanın səbəbləri araşdırılır. Əgər qəza törədən sürücü sərxoş deyilsə, hadisədə avtomobillərə dəyən ziyan qəzaya səbəb olan sürücünün sığortası tərəfindən qarşılanır. Çox güman ki, taksi fəaliyyətində olduğu üçün sığortası var. Amma ehtimal ola bilər ki, sığortası olmasın. Bu halda həmin şəxs qəzada günahkar bilinsə, məhkəmə yolu ilə dəymiş ziyanı özü ödəyəcək.
Görüntülərdə bir çox avtomobilə ziyan dəydiyi məlum olur. Amma ən çox “Ford” markalı avtomobil əzilir, içindəki insan da xəsarət ala bilər. Bu zaman İcbari Sığorta ilə hesablanır. İcbari Sığorta avtomobilə dəymiş zərəri maksimum 5000 manata qədər ödəyir. İnsanlara dəyən zərər isə 50 min manatla hesablanır. Sığorta hesabından xəsarət almış şəxslərin müalicəsi həyata keçirilir”.
Ekspertin sözlərinə görə, sığorta bəzi hallarda ödəmədən imtina edə bilər:
“Əgər sürücü sərxoş olarsa, sığorta şirkəti ödənişdən imtina edə bilər. Və yaxud sürücü başqa şəxsə məxsus avtomobili etibarnaməsiz idarə edərək qəza törədirsə, ödəmə edilmir”.