
-
- 13-04-2025, 08:20
- 348
“Embawood” maşınını “uçuran“ işdən çıxarılıb? - FOTO
“Embawood” şirkətinin ötən gün Bakıda “BYD” markalı avtomobilin qəzaya uğraması ilə bağlı paylaşımı tənqid hədəfinə çevrilib.
Ölkə.Az xəbər verir ki, şirkətin əməkdaşları sosial şəbəkə hesabında “uçan” “BYD” markalı maşını fotoda montajlayaraq yük maşını ilə əvəzləyib.
Bədbəxt hadisəyə aid görüntülərin “Belə sürətlə, həm də təhlükəsiz - sifarişiniz ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşılması birmənalı qarşılanmayıb.
Çoxsaylı tənqidlərdən sonra şirkətin səhifəsi paylaşımı silmək məcburiyyətində qalıb.
Bundan dərhal sonra isə “Embawood”un marketinq meneceri vəzifəsi üzrə vakansiya elan etdiyi bildirildi.
Bu da şirkətin müzakirələrə səbəb olan paylaşımı ilə bağlı marketinq menecerini işdən azad edilməsi barədə fikirlər yaradıb.
PR menecer Təranə Xudabaxşıyeva sözügedən vakansiyanı paylaşaraq marketinq menecerinin işdən çıxarılmasının doğru addım olmadığını söyləyib:
“Şirkət böhranın həllini tapdı. Marketinq meneceri işdən çıxarmaqla hər şeyi həll etmiş olduğunu düşünür. Amma marketinq vakansiyasında marketoloqdan PR strategiyası, PR üzrə bütün bilik və bacarıqlar tələb olunur. Marketoloq PR-çı deyil. Ehtimal ki, öncəki marketoloq da PR işlərini gördüyü üçün belə böhran yarada bilib”, - deyə o qeyd edilib.
Xatırladaq ki, ötən gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Hadisə nəticəsində ölən olmayıb.

