Azərbaycanda bu şəxslərə pensiya TƏYİN OLUNACAQ?

Azərbaycanda bu şəxslərə pensiya TƏYİN OLUNACAQ? İqtisadiyyat

Türkiyədə “Ailə ili” çərçivəsində evdar qadınlara sosial təminat və pensiya hüququnun verilməsi istiqamətində atılan addımlar bölgədə geniş maraq doğurub. Bu təşəbbüs evdə əvəzsiz əməyini sərf edən qadınların sosial rifahının gücləndirilməsini hədəfləyir. Bənzər bir modelin Azərbaycanda da tətbiqi imkanları isə müzakirə olunur. Qadınların sosial müdafiəsinin gücləndirilməsi və ailədaxili əməklərinin tanınması istiqamətində hansı addımların atıla biləcəyi aktual suallardandır.

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov News24.az-a açıqlamasında bildirib ki, məsələnin fərqli tərəfləri var:

"Ümumiyyətlə, bu məsələ ilə bağlı fərqli yanaşmalar var. Bir çox inkişaf etmiş ölkələr artıq evdar xanımların ev şəraitində gündəlik fəaliyyətini əmək fəaliyyəti hesab edirlər və buna müvafiq olaraq da onların iqtisadi dəyər yaratdıqlarının qənaətindədirlər. Bunun müxtəlif ölçmə meyarları da vardır. Evdar xanım olmaq o demək deyil ki, onlar iqtisadiyyatda iştirak etmir, sadəcə bu əlavə dəyərin yaradılmasının görülməyən tərəfidir. Beləki, onlar ev işləri görürlər, uşaqların qayğısına qalırlar, təsərrüfat işlərinə yardım edirlər. Bütün bunlar görülməsə məcburən ailə bu xidmətləri almalıdır və bunun müqabilin də ödəniş etməlidir. Bu aspektlə yanaşsaq evdar xanımlara pensiya hüququnun yaranması sosial hüquqlarının təmin edilməsi baxımından gündəmə gələ biləcək mövzudur". 

İqtisadçı qeyd edib ki, mövcud pensiya sistemini sizin zəhmət haqqınızdan tutulan faizlərlə həmin vəsaitin bir hissəsinin sizə qaytarılması formasında özünü əks etdirir. Lakin evdar xanımların rəsmi gəlirləri olmadığına görə faiz tutumu olmur:

"Burada müəyyən qədər hüquqi və mənəvi ziddiyyətli məqamlar ortaya çıxa bilər. İşləyən insanlar etiraz edə bilər ki, biz işləyirik və bunun müqabilində pensiya alırıq. Uzunmüddətli dövrdə əmək bazarının leqallaşmasına ciddi neqativ təsir göstərən amilə çevrilə bilər. Ölkəmizdə faktiki olaraq müəyyən yaşa çatdıqdan sonra insanlar yaşlılıq müavinəti deyilən pensiya hüququ əldə edir, o cümlədən, xanımlar da daxil olmaqla. Bununla pensiya arasında ciddi bir fərq yoxdur. Burada əsas müzakirə olunan məsələ,  minimum pensiyanın ahıllıq dövründə rifahı normal şəkildə təmin etmək üçün yetərli olub-olmaması Azərbaycanda daha aktual mövzudur".

Nuray Əyyubova