Polis Akademiyasında valideynlərlə GÖRÜŞ KEÇİRİLDİ
    • 14-08-2019, 14:17
    • 1 512

Polis Akademiyasında valideynlərlə GÖRÜŞ KEÇİRİLDİ

Bu il Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 1-ci kursuna qəbul olunan kursantların valideynləri ilə tədris ocağının rəhbərliyinin görüşü təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əvvəlcə valideynlər ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənildiyi mərkəzin fəaliyyəti ilə yaxından tanış ediblər. Mərkəzdə ümummilli liderin Azərbaycan dövlətinin qüdrətlənməsi istiqamətində atdığı hər bir addım, onun həyat yolu və dövlətçilik ənənələrinin kursantlara tədris olunduğu diqqətə çatdırılıb.

Daha sonra valideynlər akademiyanın yeni istifadəyə verilən tədris binası ilə tanış olub. Altımərtəbəli binanın müasir səviyyədə və yüksək zövqlə inşa olunduğu, burada təlim-tədris üçün hər cür şərait yaradıldığı, 138 nəfərlik oxu zalı və elektron kitabxananın müdavimlərin ixtiyarına verildiyi, yeni binada ümumilikdə 1400 kursant yerlik 11 mühazirə zalının mövcud olduğu xüsusi vurğulanıb.

Ali təhsil müəssisəsində təhsil alan hər bir müdavimin sağlam şəraitdə qidalanması və dincəlməsi üçün yaradılan şəraiti valideynlər özləri də müşahidə ediblər. Polis Akademiyasının idman meydançaları və zalları ilə tanış olan valideynlərin diqqətinə çatdırılıb ki, tədrir ocağında kursantların fiziki cəhətdən sağlam ruhda tərbiyə olunmalarına xüsusi diqqət yetirilir. Kursantlara və valideynlərə Polis Akademiyasının tarixindən və görülən işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.

Daha sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Nazım Əliyev  kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini məmnunluqla xatırladıb.

Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb etdiyini vurğulayan Nazim Əliyev polisin peşəkarlıq səviyyəsinin daim artırmasının bir vəzifə kimi ölkə və DİN rəhbərliyi tərəfindən qarşıya qoyulan ən vacib tələblərdən biri olduğunu xüsusilə vurğulayıb. Akademiyanın daxili nizam-intizam qaydaları barədə məlumat verən N.Əliyev qeyd edib ki, burada hər bir kursantın yüksək ixtisaslı kadr kimi formalaşması, xidməti borca və anda sadiq qalması, öz üzərində işləməsi və peşəkarlığını artırması üçün hər cür şərait yaradılıb. Akademiyanın rəisi cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar polis zabitləri hazırlamaq üçün tədris ocağının pedaqoji kollektivi ilə yanaşı valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Polis general-mayoru Nazim Əliyev Akademiyaya yeni qəbul olunan kursantlara bundan sonra daşıyacaqları polis adını daim uca tutumağı professor-müəllim heyətinin bilik və təcrübəsindən yararlanmağı tövsiyə edib.