Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi
    • 20-08-2019, 00:34
    • 846

Atası təhsil almasına qarşı çıxdı, o isə evi tərk etdi

Azərbaycanda ata ali məktəbə qəbul olan oğlunun attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyib.
News24.az -ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Dillər Universiteti Sənəd Qəbulu Komissiyasının üzvü Elşən Qəhrəmanoğlu verib.
Orxanın qeydiyyatını aparan Qəhrəmanov hadisənin təfərrüatını açıqlayıb:
"Bağılı Orxanın 18 yaşı var. Öz savadı, öz istəyi və öz əzmi ilə ADU-nun Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub. Atası Orxanın attestatını gizlədərək onun təhsil almasına mane olmaq istəyirdi. Orxan deyir ki, mən ixtisas seçimi edib gedib evdə dedim ki, kodlaşdırmanı etmişəm. Atam isə dedi ki, sən universitetə qəbul olmayacaqsan. Əgər olsan, bizlə yaşamayacaqsan! Avqustun 8-i nəticələr açıqlananda isə atası yenidən eyni şeyi deyib. Orxan isə cavabında "mənim heç sənə ehtiyacım yoxdur" deyərək evi tərk edib. Orxan attestatı ilə bağlı polisə müraciət edib, atası isə cavabında Orxanı şikayət etməyə cəhd edib ki, evdən sənəd oğurlayıb. Orxanın özündən böyük qardaşları da təhsil almayıb, amma danışığından belə başa düşdüm ki, qardaşları ona əks mövqedə deyillər. Orxan ödənişli əsaslarla universitetə qəbul olub, ödənişi isə 1000 manatdır. Deyir, öz maaşım 400 manatdır və hər ay 84 manat yığsam, təhsil haqqımı toplaya bilirəm". 
Qəhrəmanov qeyd edib ki, Orxanın qeydiyyatdan keçməsində Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti də öz dəstəyini əsirgəməyib.