Bakıda atasını bıçaqlayan 19 yaşlı Güneldən ŞOK SÖZLƏR
    • 25-08-2019, 13:25
    • 619

Bakıda atasını bıçaqlayan 19 yaşlı Güneldən ŞOK SÖZLƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
News24.az virtualaz.org-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Günel Hüseynova barəsində 3 il həbs cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 1 il sınaq müddəti olmaqla şərti hesab edilib.
Xatırladaq ki, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən 49 yaşlı İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.
Məhkəmə yolu ilə müəyyən edilib ki, ailə başçısı İlham Hüseynov heç yerdə işləməyib, spirtli içki aludəçisi olub, səbəbsiz yerə ailədə dava-dalaş salıb. Ailə ağır maddi vəziyyətdə olduğundan Günel orta məktəbi bitirdikdən sonra işləmək məcburiyyətində qalıb. Evə qazanc gətirən yeganə şəxs Günel olub. İmkansızlıq ucbatından hətta qaz pulunu ödəyə bilməyiblər və evə gələn qaz xətti kəsilib. Uzun müddət yeməyi, çayı həyətdə odun sobasında hazırlayıblar.
Ailə başçısı isə hər gün hansısa yolla əldə etdiyi içkiləri qəbul edib, evdə dava-dalaş yaradıb, həyat yoldaşını, qızını aşağılayıb, döyüb. Güneli dəfələrlə evdən qovub. Atasi tərəfindən qovulan Günel ya məscidə, ya da xalasıgilə sığınıb. Buna baxmayaraq heç vaxt ailə üzvləri onun barəsində polisə şikayət etməyiblər. Növbəti dəfə sərxoş atanın evdəkiləri təhqir etməsi, həyat yoldaşını döyməsi, evi yandıracağı ilə hədələməsi sonda Güneliin bıçağa əl atmasına səbəb olub.
“Hər şeydən bezib yorulmuşdum. Qeyri-ixtiyari anamla əlbəyaxa olan atama bıçaqla zərbə endirdim. Hadisə ani baş verdi. Atamın kürəyində qan görən kimi bıçağı yerə atıb ağladım. Hadisədən sonra atamla barışmışam. Törətdiyim əmələ görə çox peşmanam. Atamı öldürmək niyyətim olmayıb. Hal-hazırda atamla yenə də bir evdə yaşayırıq. Atam daha içki içmir, dava salmır, mehriban dolanırıq”- G.Hüseynova məhkəməyə verdiyi ifadəsində belə deyib.