DİN-dən ölkədən çıxışa qadağa ilə bağlı vətəndaşlara MÜRACİƏT
    • 27-08-2019, 13:24
    • 1 215

DİN-dən ölkədən çıxışa qadağa ilə bağlı vətəndaşlara MÜRACİƏT

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2017-ci ildə Daxili İşlər Nazirliyinin rəsmi veb saytında (www.mia.gov.az)  yaradılaraq istifadəyə verilmiş xüsusi interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar adlarının mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə bilərlər.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Xəbərə görə, bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olub qeyd edilən elektron xidmət (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçilməli və açılan pəncərənin qrafalarına müvafiq şəxsi məlumatlar doldurulub təsdiq edilməlidir.

İnteraktiv pəncərədə axtarış iki variantda aparılmalıdır. Birinci variantda soyad, ad, ata adı və doğum tarixi qeyd edilməklə, digər variantda şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və şəxsin doğum tarixi göstərilməklə. Daxil edilən məlumatın düzgünlüyünə əmin olmaq üçün vətəndaşlara hər iki variant üzrə axtarış aparmaq tövsiyə olunur.

Əgər şəxs axtarışdadırsa qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” xəbərdarlığı ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən müraciət etməli olduğu polis orqanı göstərilir.

Vətəndaş borcunu müvafiq qaydada ödədikdə barəsində olan məhdudiyyət aradan qalxır.

Şəxs axtarışa elan edilməyibsə ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat yoxdur” informasiyası verilir.