“28 may” dəmiryolu stansiyasında gərginlik- TERMİNALLAR NİYƏ İŞLƏMİR?
    • 27-08-2019, 19:18
    • 984

“28 may” dəmiryolu stansiyasında gərginlik- TERMİNALLAR NİYƏ İŞLƏMİR?

Ötən gün “28 may” dəmiryolu stansiyasında sərnişinlər arasında ciddi narazılıq yaranıb. 

New24.az xəbər verir ki, narazılığa səbəb stansiyadakı terminalların və turniketlərin işləməməsidir.
Sakinlərdən biri - Afət Əliyeva bildirib ki, son günlər belə problemlə tez-tez üzləşir: “4 terminaldan yalnız biri işləyir. Burda bir dəqiqə geciksən, qatara çatmayacaqsan. İndi yüzlərlə insan növbə gözləyir. Bu qatara da çatmadım. Anlamıram, işləməyəcəkisə, bu terminalları niyə bura qoyurdular?”

Digər sakin Əlövsət Məmmədov isə biletlə turniketdən keçə bilməməsindən qəzəblənib: “Belə şey olar? Kartım yoxdur deyə, birgedişlik bilet aldım, amma turniket qəbul eləmədi. O zaman birgedişlik kartı niyə buraxıblar? Bu qədər əziyyət çəkəcəyiksə, bura niyə gəlirik?”   

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətiylə əlaqə saxladıq. 

Qurumdan News24.az-ın sorğusuna cavab olaraq bildirilər ki, ötən gün Bakı sərnişin stansiyasının bilet köşklərində texniki nasazlıq baş verib: “Problem qısa müddətdə aradan qaldırılacaq.

Turniketlərin işləməməsi barədə isə bizə şikayət daxil olmayıb. Bütün stansiyalarda olan avadanlıqlar daim nəzarətdə saxlanılır. Hər hansı bir avadanlıqda serverlə əlaqə itərsə, nasazlıq baş verərsə, sistem- mərkəzə məlumat verir və operativ olaraq texniki işçilər nasazlığın aradan qaldırılması üçün təxirəsalınmaz işlər görür”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən o da bildirilib ki, turniketlər Türkiyə istehsalıdır və alınan hər bir avadanlığa zəmanət verilir.

Afaq Mirayiq