Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı KEÇİRİLƏCƏK
    • 28-08-2019, 13:46
    • 904

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı KEÇİRİLƏCƏK

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 18-30 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filipp Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko Lorenzo Taziyeri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Festival çərçivəsində sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatia Buniatişvili çıxış edəcəklər.
Konsertdə F.Əmirov “Azərbaycan kapriççio”su, Niyazi “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konsert”i səslənəcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 15-150 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. /trend/