X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
    • 6-04-2019, 15:17
    • 1 091

X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə 2019-cu il 22-27 aprel tarixində Bakı şəhərində Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Heydər Əliyev Sarayının Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, festivalda Rusiya, Almaniya, İsveçrə, İspaniyadan dünya şöhrətli musiqiçi və kollektivlər – İsveçrənin Lozanna Kamera Orkestri, Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Münchenklang” Orkestri və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində Heydər Əliyev Sarayında 26 aprel tarixində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, 27 aprel tarixində Almaniyanın “Münchenklang” orkestri və xoru çıxış edəcəklər. 26 aprel konsertinin dirijoru Fuad İbrahimov, solisti Pablo Fernandesdi (cello), 27 aprel festivalın təntənəli bağlanış konsertinin dirijoru Tomas Hefele, solistləri Anna Karmazin (soprano) və Lüdviq Mittelhammer (bariton) olacaq.

Konsert proqramlarında Cüzeppe Verdi, Kamil Sen-Sans, İqor Stravinski, Qabriel Fore və Frans Şubertin əsərləri səsləndiriləcək.

Saat 19:00-da baş tutacaq konsertlərin biletlərini www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.