Bakıya 200-dən çox müasir avtobus GƏTİRİLƏCƏK
Sosial
Son dövrlərdə həm taksi xidmətində, həm də ictimai nəqliyyatda mühüm yeniliklər həyata keçirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, cari il ərzində Bakıya 200-dən çox müasir və ekoloji baxımdan təhlükəsiz avtobusun gətirilməsi planlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə iyulun 16-da “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” mövzusunda ictimai müzakirə zamanı AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov məlumat verib.
Onun sözlərinə görə, yeni avtobuslar şəhərin müxtəlif marşrutlarında istismara veriləcək və sərnişindaşıma sahəsində komfort, təhlükəsizlik və keyfiyyət göstəricilərinin artırılmasına xidmət edəcək:
“Avtobus parkının yenilənməsi təkcə xidmət səviyyəsini artırmaqla kifayətlənməyəcək, həm də hava çirklənməsinin qarşısının alınması və yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək”, – deyə Tərlan Səfərov bildirib.
Aqil Qarayev
News24.az