Xocavənd məktəblərinin məzunlarının 41 faizi ali məktəblərə QƏBUL OLUNDU
    • 31-08-2019, 12:51
    • 832

Xocavənd məktəblərinin məzunlarının 41 faizi ali məktəblərə QƏBUL OLUNDU

Bu il Xocavənd rayonunun ümumtəhsil məktəblərini bitirən 115 məzundan 41 faizi, yəni 48 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Məzunlardan 6 nəfəri 500-dən, o cümlədən 3 nəfəri 600-dən yuxarı bal toplayıb. 

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki mədəniyyət evində ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib. Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva statistik rəqəmlərə toxunaraq bildirib ki, rayon üzrə ali məktəblərə qəbul olanların sayı ilbəil artmaqdadır. Son 5 ildə rayonun ümumtəhsil müəssisələrini bitirmiş 575 nəfərdən 261-i, yəni 45 faizi tələbə adına layiq görülüb. Cari ildə rayonun ümumtəhsil müəssisələrindən ən yüksək nəticəni Xocavənd 2 nömrəli tam orta məktəbin məzunları göstərib. Bu məktəbi bitirən 10 məzundan 9-u ali məktəblərə qəbul olub. Onlardan 2 nəfəri 650-dən, 1 nəfəri 550-dən, 3 nəfəri isə 400-dən yuxarı bal toplayıb. 2018-2019-cu tədris ilində respublikanın digər şəhər məktəblərinin məzunu olan xocavəndlilərdən isə 47 nəfəri ali məktəbə qəbul olub.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.

Sonda ali məktəblərə qəbul olan gənclərə hədiyyələr verilir. /azertag.az