50 qəpikdən-100 manata qədər məhsulların satıldığı Hindistan sərgisindən -FOTOLAR
    • 3-09-2019, 21:26
    • 1 435

50 qəpikdən-100 manata qədər məhsulların satıldığı Hindistan sərgisindən -FOTOLAR

Bakıda "Hindistan günləri" sərgisi davam edir.
News24.az -ın xəbərinə görə,  “Best of İndia”- “Hindistanın ən yaxşıları” adı altında bu ölkənin məhsullarının sərgisi üçün 60-dan çox stend təşkil olunub. Sərgidə Hindistanın 40-dan çox şirkətinin təqdim etdiyi çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik və kirşan məmulatları nümayiş olunur. Qarşıdakı günlərdə stendlərin sayının artırılacağı bildirilib.
Əməkdaşımız Hindistan sərgisində olub və buraya marağın olduğunu müşahidə edib. Paytaxt Bakıda bir neçə gün əvvəl açılan Hindistan sərgisində ucuzluqdur. Burada ucuz və sərfəli qiymətə Hindistan istehsalı olan mallar, geyim və bəzək əşyaları satılır. Bakı İdman Sarayında açılan sərgidə sıxlıqdır. Həm satılan malların hədsiz çeşidləri, həm də alıcıların çoxluğu sıxlıq yaradır. Piştaxtalar, hətta onların arasındakı keçidlər satılacaq mallarla doludur. 

Daha çox əlvan geyimlər göz oxşayır. Burada köynəklər cəmi iki manatdan başlayır. Ən çox iki manatlıq köynəklər satılsa da, satıcılar bir qədər bahalı geyimlərə də maraq olduğunu bildirirlər. Burada 5, 8, hətta 10 manata da köynəklər satılır. Donlar isə beş manatdan başlayan qiymətlərlə təklif edilir. Geyimlər əsasən qumaş və pambıq parçadan hazırlanıb. 
Şərflər isə sərginin giriş tərəfində beş
manatdan başlayan qiymətlərlə təklif edilir və qiymət 5-15manatadək artır. Şərflər rəngarəng, müxtəlif ölçüdə və fərqli qiymətlərədir. Xüsusi işləməli şərflər var ki, qiyməti yüz manatdır.
Bəzəkli ayaqqabılar isə 10-15 manatadır. 
Ziynət əşyaları də sərgidə çoxçeşidlidir. Üzüklər 5 manatdan başlayır. Kiçik bilərziklər bir manatadır. Müxtəlif dəst halında bilərziklər isə 6-15 manata təklif edilir. Sərgidə təbii və süni daşlardan boyunbağılar da satılır. Süni boyunbağıların qiyməti 4 manatdan başlayır. 

Təbii daşlar isə bahadır, burada 70-80 və daha baha qiymətə təbii daşlardan hazırlanmış boyunbağılar satışdadır. 
Sərgidə həmçinin, kosmetik vasitələr də satılır. Müxtəlif ölçüdə şampunlar, kosmetik yağlar, sürmə, ətirlər, hətta kiçik paketlərdə 50 qəpiyə xınalar da satılır. Sərgidə suvenirlər, mebellər, işləməli qablar da müxtəlif qiymətə təklif edilir. 
Sərgini maraqlı etmək üçün burada rəqslərə və ifalara yer verilib. Həmçinin beş manat müqabilində müştərilərin əlləri xına ilə bəzədilir. 
Sərgi sentyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.