Azərbaycanlı qadınlar daha çox Türkiyə vətəndaşları ilə nikah qururlar- Statistika
    • 5-09-2019, 02:24
    • 1 311

Azərbaycanlı qadınlar daha çox Türkiyə vətəndaşları ilə nikah qururlar- Statistika

Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha üstünlük verirlər.
News24.az xəbər verir ki, 2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1.013 nikah bağlanıb. Rəsmi məlumata görə, əcnəbilərlərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u isə azərbaycanlı kişilərdir. Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 93 nikahın pozulması qeydə alınıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha üstünlük verirlər.

Xatırladaq ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.