Baş nazirin müavini AÇIQLADI: “Əmək haqları və pensiyaların artırılmasının bazara təsirini qəbul etmək lazımdır
    • 7-09-2019, 13:26
    • 936

Baş nazirin müavini AÇIQLADI: “Əmək haqları və pensiyaların artırılmasının bazara təsirini qəbul etmək lazımdır"

“Bəzi hallarda süni şəkildə kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq səyləri var. Müəyyən halda bunlar qiymətlərin artmasına təsir göstərir. Dövlət tərəfindən minimum əmək haqqlarının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır”. 

News24.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov  deyib.

Əli Əhmədov  bildirib ki, bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir. Onun sözlərinə görə, hökumətin bütün həyata keçirmək istədiyi səylər bu prinsiplər əsasındadır: “Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni, qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir”.

Baş nazirin müavini qeyd edib ki, digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır: “Bunun üzərində düşünülür. Digər mühüm cəhət isə ondan ibarətdir ki, əhalinin müxtəlif kateqoriyalarının imkanlarına uyğun şəkildə onlara xidmətlərin göstərilməsi də bütövlükdə müasir bazar iqtisadiyyatının ən vacib istiqamətlərindən biridir. Bunsuz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil”.

“Bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları da var. Orta səviyyədə qiymətlərin də olduğu müşahidə olunur. Eyni zamanda daha ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə də hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi üçün imkanların rəngarəngliyi təmin edilib”- deyə, Əli Əhmədov vurğulayıb.