DYP məktəbli valideynlərinə MÜRACİƏT ETDİ
    • 11-09-2019, 16:37
    • 755

DYP məktəbli valideynlərinə MÜRACİƏT ETDİ

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar valideyn və məktəblilərə müraciət edib.

Bakı şəhər DYP-dən News24.az-a verilən məlumata görə, yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək: "Hərəkətin sıxlığını nəzərə alaraq, valideynlər təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb məktəblilərin düşürüb mindirilməsinə diqqət yetirsinlər. Niyə diqqət yetirsinlər? Bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaqla eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də belə məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir".