-
- 16-08-2018, 16:13
- 1 096
Ən bahalı universitetlər – illiyi 70 min dollar...
Dünyanın ən yaxşı universitetlərinin müəyyənləşdirilməsi üzrə bir çox agentliklər məşğul olur. Və bu universitetlərin dünya və ölkə üzrə reytinqlərinin təyin olunması isə müxtəlif kriteriyalar üzrə aparılır. Buna görə də bu reytinqlərin tam obyektivliyi şübhə doğura bilər. Belə ki, müxtəlif reytinq agentlikləri müxtəlif kriteriyaları əsas götürərək siyahı verir. Yəni bir agentliyin verdiyi siyahı ilə digərinin verdiyi siyahı fərqli olur. Lakin nümunə üçün söyləmək lazımdır ki hansı siyahı olursa olsun, bəzi universitetlər demək olar ki, bütün siyahılarda ölkə üzrə birinci yerləri tutur.
Bu mənada həmin universitetlərdə təhsil haqları da göz oxşayır.
Qeyd edək ki, ötən gündən etibarən Azərbaycanın ADA Universitetində illik təhsil haqqının 6500 manat olması sosial şəbəkələrdə müzakirə olunur. Lakin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları ilə müqayisədə bu, elə də çox deyil.
Araşdırma zamanı dünyanın ən məşhur agentliklərinin təqdim etdiyi siyahılar nəzərdən keçirilib.
Nümunə üçün qeyd edək ki, təqdim edilən siyahıların əksəriyyətində dünyanın ən məşhur universitetlərinin ilk səkkizliyini ABŞuniversitetləri tutur. ABŞ-ın və dünyanın ən məşhur universiteti şübhəsiz ki, Harvard Universiteti (Harvard University) sayılır. Bu təhsil ocağını dünyanın ən bahalı universiteti də adlandırmaq olar. Belə ki, Bostonda yerləşən və ABŞ-ın ən qocaman təhsil ocağı olan Harvard Universitetində təhsil xarici vətəndaşlara bakalavr və magistratura üçün illik 66900 dollara başa gəlir. Ölkə vətəndaşları isə cəmi 20 min dollara bu təhsili ala bilirlər. Harvardın divarları arxasında 40 Nobel mükafatı laureatı və Teodor Ruzvelt, Barak Obama kimi siyasətçilər, həmçinin Bil Qeyts və Mark Zukerberq kimi tanınmış iş adamları təhsil alıblar.
Dünya reytinqindən danışdıqda Massaçusets Texnologiya Universitetini (Massachusetts Institute of Technology) unutmaq olmaz. Bu təhsil ocağı dünya və ölkə reytinqində ikinci yerdə qərarlaşıb. Burada təhsil hər iki pillə üzrə (bakalavr, magistratura) xarici vətəndaşlar üçün 58240 dollara, ölkə vətəndaşları üçünsə 20 min dollara başa gəlir. Bu təhsil ocağı özünü dəqiq elmlər və texnologiyalar sahəsində dünya lideri kimi sübut edib. Elə burada təbii elmlər və mühəndislik sahəsində ən qabaqcıl tədqiqatlar aparılır. Bu universitet dünyaya 80 Nobel mükafatçısı, eləcə də hər kəsin həyatını dəyişmiş bir çox görkəmli alimlər, mühəndislər, ictimai xadimləri təqdim edib. Bu təhsil müəssisəsi də Boston şəhərində yerləşir.
Və təbii ki, ən məşhur təhsil ocaqlarından danışdıqda Böyük Britaniyada Kembric şəhərində yerləşən Kembric Universitetindən (University of Cambridge) yan keçmək olmaz. Bu universitet Avropanın ən qocaman təhsil müəssisəsi sayılır. Əsası 1209-cu ildə qoyulan bu təhsil ocağı yarandığı dövrdən özünü ən etibarlı müəssisə kimi sübut edib. Belə ki, dünya universitetlərindən heç biri dünyaya bu sayda (88) Nobel mükafatı laureatı təqdim etməyib. Burada təhsil hər iki pillə üzrə xarici vətəndaşlar üçün 23934 dollar, ölkə vətəndaşları üçün isə 9250 dollar müəyyən olunub.
Britaniyadan danışdıqda təbii ki, bütün dünyada demək olar ki, hər tələbənin arzusu olan Oksford Universitetinin (University of Oxford) də adını çəkmək lazımdır. Bu təhsil ocağı da dünyaya bir sıra siyasi və ictimai xadimlər bəxş edib. Britaniyanın Oksford şəhərində yerləşən bu universitetdə təhsil xarici vətəndaşlar üçün 16643 dollar, ölkə vətəndaşları üçünsə 9250 dollara başa gələcək.
Dünya reytinqinə nəzər saldığımızda bu siyahıda ABŞ və Britaniya universitetləri ilə rəqabət apara biləcək İsveçrə təhsil müəssisələrinə də müraciət etməliyik. Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutu (Swiss Federal Institute of Technology) bir sıra siyahılarda dünya reytinqində 11-ci yeri tutmağa nail olub. Burada təhsil üçün hər iki pillə üzrə xarici vətəndaşlar 1140 dollar, ölkə vətəndaşları isə 1100 dollar ödəməlidirlər.
Nümunə üçün qeyd etmək lazımdır ki, dünya ölkələri sırasında təhsilin səviyyəsinə görə Kanada da öz sözünü deyə bilib. Beləliklə ölkənin Toronto şəhərində yerləşən məşhur Toronto Universiteti (University of Toronto) Avropanın bir sıra ali məktəblərinə meydan oxuya bilər. Burada təhsil üçün hər iki pillə üzrə xarici vətəndaşlar 33437 dollar, ölkə vətəndaşları isə bakalavr pilləsi üçün 12090 dollar, magistratura pilləsi üçünsə 15 min dollarından keçməli olur.
Təhsildən söhbət getdikdə daha çox yeni texnologiyaları ilə ad qazanmış Yaponiya da dünyada mütləq söz sahibidir. Bu ölkənin ən məşhur təhsil müəssisəsi isə Tokio Universitetidir.
Paytaxt Tokioda yerləşən bu universitet səhiyyə sahəsindəki yüksək nailiyyətlərinə görə həm Asiyada, həm də dünyada ən prestijli təhsil müəssisələrindən sayılır. Burada təhsil üçün xarici vətəndaşlar hər iki pillə üzrə 4822 dollar ödəməlidirlər.
Avropa təhsilinə nəzər saldıqda təbii ki, elm sahəsində hər zaman ən aparıcı ölkələrlə layiqli mübarizə aparan Fransaya da nəzər salmalıyıq. Bu ölkəni bəzən şagird və tələbələr ölkəsi adlandırırlar. Bu ölkənin ən məşhur universiteti Parisdəki Ali Normal Məktəb (École Normale Supérieure) sayılır. Fransada təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuzdur. Lakin təhsil müəssisələri yenə də tələbələrdən nominal ödənişlər alırlar. Burada təhsil alacaq xarici vətəndaşlar bakalavr pilləsi üçün 1709 dollar, magistratura üçünsə 1139 dollar ödəməli olacaqlar. Bu universitetdə mövcud elm üçün yeni və inqilabçı nəzəriyyələr irəli sürülür. Daha çox dəqiq elmlər sahəsində riyaziyyat və fizika fakültələri dünyada öz sözlərini deyə biliblər.
Fransadan söz düşmüşkən Sarbonna Universitetini (Paris-Sorbonne University) də unutmaq olmaz. Əminliklə söyləmək olar ki, bu təhsil müəssisəsin məzunları həm Fransa, həm də dünyada hörmətlə qarşılanır və ən çox işə götürülənlər sırasındadırlar. Burada təhsil almaq üçün xarici vətəndaşlar bakalavr pilləsinə illik 209 dollar, magistratura pilləsinə isə 295 dollar ödəməli olacaqlar.
Yaxın qonşumuz olan Rusiyanın ən məşhur təhsil müəssisəsi isə təbii ki, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (Московский государственный университет им.М.В.Ломоносова) sayılır. Hələ SSRİ dövründə ittifaqın ən məşhur təhsil ocağı hesab edilirdi. Belə ki, bütün ittifaq ərazisində elmi yeniliklərin 12 faizi bu universitetə məxsus idi. Burada təhsil xarici vətəndaşlar üçün bakalavr pilləsi üzrə 2773 dollar, magistratura üçünsə 9 min dollara başa gələcək. Bu universitet paytaxt Moskva şəhərində yerləşir.