Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi- Bakının azad edilməsinin 101-ci ildönümü
    • 14-09-2019, 13:01
    • 939

Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi- Bakının azad edilməsinin 101-ci ildönümü

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni daşnak və bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən “Qafqaz Türk İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.

News24.az-az-ın məlumatına görə, Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş zalda baş tutan tədbirə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının əvəzolunmaz ifaçısı Şəmistan Əlizamanlının aparıcılıq edib. Gecədə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra ATXƏM-in sədri İlham İsmayılov möhtəşəm türk gecəsini giriş sözü ilə açıb. Bu günün tarixi önəmindən danışaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və o tarixi hadisənin tariximzdə yeri və rou barədə geniş danışıb və bu cür tədbirləri keçirməkdə məqsəd gənc nəsillərimizin tarixi daha dərindən bilməsi və şəhidlərimiz qarşısında bir vəfa borcunu, örnəyini nümayiş etdirmək olduğunu deyib. 
Tədbirin təşkilatçılarından Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirib ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcumuzdur: “Bakının işğaldan azad edilməsi böyük tarixi hadisədir. Bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb. Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib. Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir.” 
Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərinin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində daha da yüskək səviyyəyə çatmaqda olduğunu vurğulayıb. Millət vəkili Q.Paşayeva gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb.
Millət vəkili Qənirə Paşayeva tədbirə qatılan türkiyəli qonaqları, tanınmış simaları  iştirakçılara təqdim edib.
 Daha sonra Türkiyədən gəlmiş qonaqlar çıxış edib. "Türkiyə" qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, "Ötükən" nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık və Türkiyə və Şimali Kiprdən gəlmiş qazilər Türkiyə-Azərbaycan qardaşlığından, tarixin bütün dövrlərində qan qardaşlarının bir-birinin yanında olduqlarından, ən çətin zamanlarda bir-birinə dayaq olduqlarından bəhs  ediblər. 
Həmçinin tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Xalq şairi Nəriman Həsənzadəvə başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.
Tədbirin ədəbi-bədii hissəsində Şəmistan Əlizamanlı türkçülükdən, bayrağımızdan, Nuru paşadan bəhs edən möhtəşəm ifaları ilə hər kəsin ürəyini fəth etdi. Müğənni Şahin İsmayılovun ifası da alqışlarla qarşılandı. Sonda tədbirdə iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim edilib.