Sahil Babayev QUBADA - FOTO
    • 19-09-2019, 16:34
    • 2 828

Sahil Babayev QUBADA - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba rayonunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ötən il Quba rayonunda 148 ailə özünüməşğulluq proqramına cəlb edilib. Vətəndaşlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onların bir qısmi təlimi başa vuraraq aktvlərlə təmin edilib, digərləri isə növbəlilik əsasında təlimlərdə iştirak edəcəklər. Yaradılan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı, qalan hissəsi isə xidmət sahələrinə aiddir.

S.Babayev özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb. Qeyd edib ki, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin kiçik biznesə çıxışına geniş imkanlar yaratmaqdadır. Proqrama cəlb olunanların sayı bundan sonrakı dövrdə də ildən-ilə artırılacaq. Nazir bildirib ki, əsas məqsəd həssas qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaqdır.

Vətəndaşlar bu mühüm sosial proqramın onların həyatında önəmli rol oynadığını qeyd ediblər. Proqram iştirakçıları yaradılan şəraitə, göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.