Ahmet Güneştekinin Heydər Əliyev Mərkəzində FƏRDİ SƏRGİSİ OLACAQ
    • 24-09-2019, 15:40
    • 1 016

Ahmet Güneştekinin Heydər Əliyev Mərkəzində FƏRDİ SƏRGİSİ OLACAQ

Oktyabrın 1-də Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” (The Alphabet of Memory) adlı fərdi sərgisi açılacaq. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunacaq.

News24.az xəbər verir ki, ekspozisiyada müəllifin İmadəddin Nəsimiyə həsr etdiyi instalyasiyası da  sərgilənəcək.  “Recm Nasimi” (“Nəsiminin rəcmi və ya daşqalağı”) adlı əsəri yaradarkən müəllif İmadəddin Nəsiminin unikal şəxsiyyətindən və poetik irsindən ilhamlanıb. Ahmet Güneştekin bu instalyasiyada sufiliyin ədəbi və fəlsəfi qolu olan hürufiliyin ehkamlarını əks etdirir.

Sərgilənəcək işlər arasında Ahmet Güneştekinin məşhur “Ölümsüzlük otağı” da var. Müəllif bu instalyasiyasını Şanlıurfa şəhərinin şimal-şərqində yerləşən Göbəkli təpədə aşkar edilmiş arxeoloji tapıntıların təsiri ilə yaradıb. “Gilqameş dastanı” və “Nuh tufanı” əfsanəsi onun əsas ilham mənbələri olub. Böyük rezonans doğuran əsər ilk dəfə 2018-ci ildə nümayiş etdirilib. Rəssam “Ölümsüzlük otağı” üzərində müxtəlif peşəyə sahib 130 nəfərlə birgə çalışıb. Əsər 22 min metal kəllə və buynuz hissədən ibarətdir. 35 ton alüminiumdan hazırlanıb.

Türkiyə müasir incəsənətinin əsas simalarından olan Ahmet Güneştekin 1966-cı ildə anadan olub. Beş yaşından rəsm çəkən Güneştekin 1981-ci ildə İstanbula gəlib. 1997-ci ildə İstanbulda ilk studiyasını qurub. 2003-cü ildə Atatürk Mədəniyyət Mərkəzində “Zülmətdən sonra rənglər” adlı ilk böyük sərgisini açıb. 2005-ci ildə “Günəşin izində” sənədli layihəsini həyata keçirib. 2010-cu ildə İstanbulda Güneştekin Sənət Mərkəzini yaradıb. 2013-cü ildə Venesiyada ilk beynəlxalq sərgisini açıb və Malboro (Marlborough) qalereyası ilə əməkdaşlıq etməyə başlayıb.

Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.