-
- 25-09-2019, 01:24
- 1 476
Qatıq pəhrizini neçə gün saxlamaq məsləhət görülür?
Mütəmadi və qaydasında arıqlamaq üçün yekcins pəhrizlərdən biri də qatıqdan istifadədir. Həmin pəhrizin tətbiqi zamanı gün ərzində rasiondan bütün qidalar çıxarılaraq yalnız qatıq qəbul edilir. Onun həcmini isə hər kəs özü təyin edə bilər.
News24.az xəbər verir ki, qatıq pəhrizinin tətbiqi zamanı əsas cəhət ondan ibarətdir ki, gündəlik vərdiş edilən qida rejimi pozulmasın. Yəni, səhər, nahar və şam yeməkləri nə vaxt qəbul olunursa, qatıq da həmin vaxt qəbul edilməlidir. Lakin onu üç gündən artıq saxlamaq məsləhət görülmür.Qatıq həm də zəngin kalsium mənbəyidir, insanı cavan saxlayır, qan təzyiqini yüksəlməkdən qoruyur, xolesterini aşağı salır.
Qatıq-meyvə pəhrizi orqanizmdə mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır. Onu bir həftəyə qədər saxlamaq olar. Yaxşı olar ki, ilk üç gün ərzində yalnız qatıq yeyilsin. Dördüncü gün isə banan və üzüm istisna olmaqla istənilən meyvə və tərəvəzi qatığa əlavə etmək olar. Ciddi pəhrizin tərəfdarı olmayanlar isə rasionlarını zənginləşdirə bilərlər. Səhər yeməyi zamanı meyvə qurusu, yulaf və qatıq, naharda hər hansı dəniz məhsulu ilə tərəvəz salatı, şamda isə alma və qatıq yemək olar.
Digər pəhrizlər kimi, qatıq pəhrizi də duz və şəkəri sevmir. İstənilən növ tort və peçenye qatıqla birlikdə qəbul edilsə, mədədə qıcqırma yaranar. Lakin qatıq pəhrizi zamanı istənilən qədər qazsız su və yaşıl çay içmək olar.