Payızın birinci yarısı tempratur iqlim normasından yüksək olacaq
    • 25-09-2019, 16:22
    • 839

Payızın birinci yarısı tempratur iqlim normasından yüksək olacaq

Azərbaycanda payızın birinci yarısı ən əlverişli dövr kimi səciyyələndirilir. 

News24.az
məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur: "Belə temperatur göstəriciləri insanlar üçün ən komfort temperatur göstəriciləri hesab oluna bilər. Eyni zamanda günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi o qədər də mənfi təsir göstərmir. Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim şəraiti davam edəcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Keçən şənbə günündə olduğu qədər olmasa da sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abçeron yarmadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də şiddətli olmayacaq".

U. Tağıyeva bildirib ki, oktyabrın ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq: "Havanın temperaturu 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi Şimal və Şərq regionlarından normadan bir qədər artıq olacaq. Keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısında müşahidə olunacaq. Bu ayda artik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız aylarla müqayisədə daha tez tez müşahidə olunur. Fəsli proqnozlar Ümumdünya Metrologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payız fəsli bizim regionda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq. Çoxillik meteroloji müşahidələr göstərir ki, yayın və qışın neçə keçməsi arasında əlaqələr mövcud deyil. Etibarlı məlumatlar 3 günlük və ya həftəlik olur. Bu dünya təcrübəsində belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın neçə olacağı qar yağıb-yağmayacağı barədə demək tezdir"

Afaq Mirayiq