Xəsarət alan SOCAR əməkdaşlarına tibbi yardım Açıqlama
    • 30-09-2019, 21:52
    • 843

Xəsarət alan SOCAR əməkdaşlarına tibbi yardım Açıqlama

Dünəndən Qarabağ əlilləri ilə Neft Şirkətinin əməkdaşları arasındakı qarşıdurma sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, SOCAR hadisəylə bağlı bu dəfə video yayıb.

Qeyd olunub ki, əhalini iğtişaşlara çağıran təxribatçılar SOCAR-ın təhlükəsizlik idarəsinin əməkdaşlarına qəflətən hücum edərək, soyuq silahlarla müxtəlif xəsarətlər yetiriblər: “Yaralı həmkarlarımızı bu videoda görə bilərsiniz. Qanunsuz tikinti biznesi ilə məşğul olan təxribatçılar daha əvvəl həmin tikintiyə heç bir aidiyyəti olmayan bir qrup əlil şəxsin ehtiyaclarından sui-istifadə edərək, onları işçilərimizə və polis işçilərinə qarşı zorakılığa və iğtişaşlara çağırmağa cəhd göstəriblər. Onlar bu cəhdləri guya SOCAR ilə Qarabağ əlilləri arasında baş verən qarşıdurma kimi təqdim etməyə çalışdılar. Amma biz - Azərbaycan neftçiləri daim Qarabağ əlillərinin yanında olmuşuq və olacağıq. Qarabağ qazilərinin bir çoxu hazırda SOCAR-da işləyir. Azərbaycan neftçiləri olaraq, biz Qarabağ qazilərinə sonsuz ehtiramla yanaşırıq, heç vaxt onlara qarşı əl qaldırmarıq!”

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsi də məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıb: “Hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir.”