İrandan gələn şəxsin bağırsağından NARKOTİK ÇIXDI - FOTO
    • 1-10-2019, 11:59
    • 1 231

İrandan gələn şəxsin bağırsağından NARKOTİK ÇIXDI - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Lakin yoxlama zamanı vətəndaşın ayaqqabılarının daban hissəsində, 2 ədəd bükümdə, çəkisi 128 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında gömrük nəzarətindən gizlədilən sellofana bükülü 3 ədəd bükümdə çəkisi 38 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin, çəkisi 125 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və ayrıca sellofana bükülü 5 ədəd üzərində "F/M40" yazısı olan açıq qəhvəyi rəngli "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.