1001 gecəlik sevgi - "Şəhrizad" yenidən Opera və Balet Teatrının səhnəsində
    • 2-10-2019, 10:44
    • 1 387

1001 gecəlik sevgi - "Şəhrizad" yenidən Opera və Balet Teatrının səhnəsində

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş "Şəhrizad" baletinin tamaşası olacaq.

Teatrdan News24.az-a verilən məlumata görə, balet bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.
Balet tamaşasının klassik xoreoqrafiyasının müəllifi məşhur xoreoqraf Mixail Fokindir. M.Fokinin 1910-cu ildə həyata keçirdiyi quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburq Mariinski  adına Teatrı, Ukrayna Milli Operasının səhnəsində bu gün də nümayiş olunur. Elə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınıntamaşası da M.Fokinin  quruluşu əsasında hazırlanıb. 

Tamaşada əsas partiyanı - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı və "Humay" milli mükafatının laureatı Cəmilə Kərimova ifa edəcək. Tamaşada həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər  Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və b. çıxış edəcəklər.

Balet tamaşasını Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.