Taleh Bağırzadənin həyat yoldaşı barədə cinayət işinə XİTAM VERİLDİ - YENİLƏNİB
    • 2-10-2019, 16:09
    • 846

Taleh Bağırzadənin həyat yoldaşı barədə cinayət işinə XİTAM VERİLDİ - YENİLƏNİB

Ədliyyə Nazirliyi məhkum Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, məlumatda qeyd edilir ki, L. İsmayılzadə övladları ilə birgə həyat yoldaşı məhkum T. Bağırzadə ilə görüşlərinin birində cəzaçəkmə müəssisələrində istifadəsi qadağan olunmuş mobil telefonu qanunsuz olaraq ərinə ötürməyə cəhd edib.  

Faktla bağlı ibtidai istintaq aparılaraq onun əməlində cinayət tərkibinin olduğu müəyyən edilib, buna baxmayaraq bu əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq səmimi peşman olduğu halda, barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib: “Bununla əlaqədar istintaq prosedurlarına uyğun olaraq L.İsmayılzadənin törətdiyi əmələ münasibət bildirməsi və iş üzrə prosessual qərar qəbul olunması üçün ona iki vəkilinin iştirakı ilə Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd)  maddəsi ilə ittiham elan olunub.  

L.İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib və bu əsaslarla istintaq tərəfindən prosessual qaydalara uyğun olaraq onun barəsində humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib”.
Məlumatda həmçinin qeyd edilir ki, L. İsmayılzadənin guya məhkəmə məsuliyyətinə verilməsi barədə mediada və sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil və sensasiya xətrinə belə uydurma məlumatları yayanlar ictimaiyyəti çaşdırmaq, dövlət orqanlarının qanuni və ədalətli fəaliyyətinə kölgə salmaq məqsədi güdürlər.


****
15:20

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Qeyd edək ki, cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlı idi.
Penitensiar Xidmət martın 21-də yaydığı məlumatda bildirilirdi ki, Leyla İsmayılzadə üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib. Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

Bu maddənin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. /report/