Schwarzenegger-in mesajı onun pərəstişkarını necə depressiyadan çıxardı?
    • 21-08-2018, 10:53
    • 704

Schwarzenegger-in mesajı onun pərəstişkarını necə depressiyadan çıxardı?

Sosial mediada depressiyadan əziyyət çəkən kişi ilə Hollivud ulduzu Arnold Schwarzenegger arasında yazışma gündəmə çevrilib.

News24.az xəbər verir ki, sosial şəbəkədə "u/0770059834333178" kodu altında yazışan Ali adlı istifadəçi Schwarzenegger-ə mesaj göndərərək, məşhur aktyordan ona ruhlandıcı bir mesaj göndərməyi xahiş edib.

Ali izah edib ki, o, "aylardır ki depressiya vəziyyətindədir" və bu səbəbdən idman zalına getmir, məşq eləmir.
"Cənab Schwarzenegger, siz mənə deyə bilərsinizmi ki, tənbəlliyə necə üstün gəlib idman zalına gedim? And içirəm ki, mən dərhal qalxıb ora yollanacağam".

Terminator rolunun ifaçısından cavab gələndə isə Ali gözlərinə inanmayıb. Ali üçün gözlənilməz olan cavabında Schwarzenegger ona "hər dəfə bir addım ataraq" depressiya vəziyyətindən çıxmağı məsləhət görüb.

"Sizə sərt söz demək niyyətim yoxdur. Və xahiş edirəm özünüzə qarşı sərt olmayın. Biz hamımız çətinliklərlə üzləşirik, uğursuzluqlarımız olur. Bəzən, həyat bizi sınağa çəkir. Lakin əsası odur ki, sən bütün bunların öhdəsindən gələ biləsən. Sadəcə bir addım at. Yataqdan qalx, məşq et, ya bayıra çıxıb hava al. Nəsə bir şey et. Hər dəfə bir addım at. Ümid edirəm ki, indi özünü yaxşı hiss edirsən və idman zalına qayıdacaqsan. Lakin özün-özünü töhmətləmə. Buna ehtiyac yoxdur. Bu, səni idman zalına yaxın etməyəcək. Və kömək istəməkdən də çəkinmə. Uğurlar sənə", - Arnold Schwarzenegger öz cavabında Aliyə yazıb.

Özünü Arnold Schwarzenegger-in böyük pərəstişkarı adlandıran Ali deyib ki, həmin cavabı oxuyandan sonra, yatağından qalxıb birbaşa idman zalına yollanıb.

Schwarzenegger deyib ki, Alinin digər insanları "ruhlandırmağa çalışdığına" görə qürur hissi keçirir.

Schwarzenegger öz videoçıxışını bu sözlərlə bitirir: "Hasta la vista". Bu cümlə ispanca "görüşənədək" deməkdir.