Qaxda baş verən partlayışla bağlı CİNAYƏT İŞİ BAŞLANDI
    • 9-10-2019, 11:11
    • 695

Qaxda baş verən partlayışla bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qaxda 6 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanılıb.

Həmin faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanıb.

Hadisədə yaralananlar - 31 yaşlı Nuroşvili David və 49 yaşlı Zeynalaşvili Cemalinin vəziyyəti ağır olduğu üçün onlar bu gün səhər saatlarında Bakıdakı xəstəxanalardan birinə aparılıblar.

26 yaşlı Sardion Daroşvilinin müalicəsi isə Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, oktyabrın 8-i səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri müəssisənin arxa hissəsində təmizlik işləri apararkən anidən partlayış baş verib. Partlayış nəticəsində müəssisənin 6 işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 39 yaşlı Nuruşvili Tamazi, 18 yaşlı Papiaşvili Beka və 64 yaşlı Beraşvili Raponun xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. /apa/