Vilayət Eyvazov gürcüstanlı həmkarını QƏBUL EDİB
    • 9-10-2019, 17:53
    • 893

Vilayət Eyvazov gürcüstanlı həmkarını QƏBUL EDİB

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov  ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Daxili İşlər naziri, general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  

News24.az xəbər verir ki, qonaqları salamlayan nazir V.Eyvazov gürcü həmkarını bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, xalqlarımız arasındakı dostluğun qədim tarixi köklərə malik olduğunu xatırladıb, hər iki ölkə rəhbərliyinin əlaqələrimizin daha da genişləndirilməsinə böyük önəm verdiklərini qeyd edib, bu münasibətlərin ölkə prezidentlərinin siyasi iradəsinə, müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyini, Daxili İşlər nazirlikləri arasında da əməkdaşlığın, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə fəaliyyətin dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırıb.

Sonra mövcud kriminogen durum,  cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasında əldə olunan nəticələr, xidmətin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.

Qeyd olunub ki, ötən illər ərzində nazirliklərin rəhbər vəzifəli şəxsləri, sərhədyanı bölgələrin polis orqanlarının rəisləri səviyyəsində qarşılıqlı səfərlər, cinayətkarlıqla mübarizədə birgə səylərin əlaqələndirilməsinin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlərinin müzakirəsi praktikası yaranıb. DİN-lər arasında əməkdaşlığın hüquqi bazasının məqsədyönlü və ardıcıllıqla möhkəmləndirildiyini qeyd edən nazir, imzalanmış sənədlərin, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilənin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib.  

Nazir V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.