Şairlər eşitmə məhdudiyyətli oxucularla görüşdü - FOTO
    • 14-10-2019, 18:57
    • 998

Şairlər eşitmə məhdudiyyətli oxucularla görüşdü - FOTO

Oktyabrın 12-də Bakı Kitab Mərkəzində eşitmə məhdudiyyətli oxucularla tanınmış şairlərin görüşü keçirilib.

News24.az xəbər verir ki, birinci təqdimatında uğur qazanmış "Sevginin dili yoxdur" layihəsi "Deaf Community MMC" və "Ümid var" xeyriyyə könüllüləri təşkilatının birgə layihəsidir. Layihə çərçivəsində eşitmə məhdudiyyətli insanlar tərəfindən tanınmış şairlərin şeirləri jest dilində təqdim edilir.

Tədbirdə çıxış edən təşkilatçılar - Nazilə Məhərrəmova və Nuranə Abuyeva cəmiyyətdə inkuliziv düşüncənin artmasına hesablanan layihənin əsas məğzinin eşitmə məhdudiyyətli şəxslərin şeir, ədəbiyyat, poeziyaya olan marağını artırmaq, həmçinin, şeir demək, onu hiss etmək üçün səsin vacib olmadığını, bunu jestlər vasitəsilə də ifadə edə biləcəklərini göstərmək oldugunu deyiblər.

Görüşə Azərbaycan Respublikasının Dövlət Himninin eşitmə məhdudiyyətli gənclər tərəfindən jest dilində canlı tərcüməsi ilə start verilib.

Poeziya gecəsi bu dəfə həm də Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində baş tutub. Layihənin rəhbəri tanınmış şairə Nigar Həsənzadə tədbirin aparıcılığını edib.

Bu dəfəki görüşdə xalq şairləri Nəriman Həsənzadə, Fikrət Qoca iştirak ediblər.

Fikrət Qoca çıxışına “çox vaxt mənim də səsimi eşitmirlər, mən də elə sizlərdən biriyəm”, sözləri ilə başlayıb.

Gecədə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri həm eşitmə məhdudiyyətlilər, həm də gənclər tərəfindən jest dilində tərcümə ilə təqdim olunub.

Görüş "İmadəddin Nəsimi ili"nə ithafən təşkil edildiyi üçün Nəsimi qəzəlinin də tədbirdə jest dilində təqdimatı həyata keçirilib.