"Ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur" - GƏRAY GƏRAYBƏYLİ
    • 15-10-2019, 10:52
    • 1 044

"Ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur" - GƏRAY GƏRAYBƏYLİ

"Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur".

News24.az xəbər verir ki, bunu intiharların ATU-nun rektoru professor Gəray Gəraybəyli intiharların profilaktikasına həsr olunmuş elmi-praktik konfransda bildirib.

O qeyd edib ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur: "Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur”.

G.Gəraybəyli deyib ki, Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var: “İntihar hallarının səbəbləri müxtəlifdir. Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır”.

Rektor bildirib ki, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırılmalıdır: “İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların erkən aşkarlanması və onlara yardım edilməsi zəruridir.  Eyni zamanda psixi pozuntuları, o cümlədən, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, onların müvafiq dərman preparatları ilə təmin edilməsi, əlbəttə, diqqət mərkəzində olmalıdır. Azərbaycanda da bu məsələlərə mühüm diqqət yetirilir”.
Afaq Mirayiq