Əminə Ərdoğan azərbaycanlı rəssamı görüşə çağırdı
    • 20-10-2019, 15:55
    • 780

Əminə Ərdoğan azərbaycanlı rəssamı görüşə çağırdı

Dünyada yeni rəsm janrı yaradan azərbaycanlı rəssam Tünzalə Məmmədzadə qardaşı Elmar Məmmədzadə ilə birlikdə Bakıda Türkiyə prezidentinin xanımının qəbulunda olublar və ona maraqlı hədiyyələr bağışlayıblar
News24.az xəbər verir ki, azərbaycanlı rəssam, Türkiyənin Mərmərə Universitetinin İncəsənət tarixi üzrə doktorantı Tünzalə Məmmədzadə bu günlərdə Bakıya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana özünün ali qonağın şərəfinə layiq unikal əl işlərindən birini hədiyyə edib.
Bu əsər əsası Məmmədzadənin özü tərəfindən qoyulan qeyri-adi Silk art (İpək incənəti) janrında hazırlanıb. Rəssam Əminə Ərdoğanla görüşü barədə Sputnik Azərbaycan-a ətraflı məlumat verib.
Qeyd edək ki, bu günlərdə Türkiyə prezidenti xanımı ilə birlikdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII sammitində iştirak etmək üçün Bakıya gəlib.
Məmmədzadə artıq xeyli vaxtdır ki, Türk İş Adamları Birliyinin üzvüdür və Türkiyənin Azərbaycandakı səfirliyi daim onunla əlaqə saxlayır. Məhz səfirlik rəssama Əminə Ərdoğanın onun yaradıcılığı ilə maraqlandığını və müəlliflə görüşmək arzusunu bildirib.
"Bu, mənim üçün gözlənilməz oldu. Bu vaxta qədər mən onunla şəxsən tanış deyildim. Əminə xanımla görüşmək üçün onun qaldığı otelə getdik. Görüşümüz zamanı o mənə şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazdığım Quran kitabı ilə bağlı təəssüratlarını bölüşdü. O Quranı mən dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyənin qədim universitetlərindən birinin 135 illik yubileyi mərasimində təqdim etmişdim" - deyə Məmmədzadə bildirib.