Əməkdar artist od püskürdü “Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”
    • 23-10-2019, 23:31
    • 1 089

Əməkdar artist od püskürdü “Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”

Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusifin “Xalq artisti” fəxri adı almasına etiraz edib. 

News24.az xəbər verir ki, xanəndə bununla bağlı açıqlama verib. 

O, günahın xalqda olduğunu bildirib: 

“Bir neçə gündür, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə üç nəfər sənətçimizə “Xalq artisti” fəxri adı verilib. Hər birini təbrik edirəm.  

Üç gündür, sosial şəbəkələrdə bir çox xoş olmayan ifadələrlə rastlaşıram. Bilirsiniz ki, nə qədər vətənimə, elimə, millətimə və dəyərlərimizə bağlı bir insanam. Dedi-qodu, kiminsə haqqına girmək mənə görə deyil.  

Başımı aşağı salıb, öz işlərimlə məşğulam. Halal əməyi ilə gücü çatacaq qədər mədəniyyətimizin keşiyində dayanıb, ona xidmət edirəm.  

Heç kim inciməsin, reallığı deyəcəm. Heç kimdə günah axtarmayın. Milli musiqiyə xidmət edən müğənnilərimiz, sizlərin xeyir işlərinizdə, 7-8 saat canlı ifaya görə bir az artıq pul istəyəndə deyirsiniz ki, çoxdur, endirim edin. Endirim etməyəndə də “sağ olun lazım deyilsiniz” deyirsiniz.  

Sual verirəm: ay mənim dəyərli millətim, 10 min manatdan yuxarı, fonoqram ifaya, özü də yarım saata gözünüzü qırpmadan xərcləyən, məcilislərinizin başında otuzduran, şəkil çəkdirib paylaşım etmək üçün növbəyə dayanan da sizlərsiniz.  

İndi niyə təhqir edirsiniz? Bu, çox pis haldır. Ya layiq olanın qiymətini bilib, layiq olduğu yerlərə qaldırın, ya da layiq olmayanı göylərdə ulduza çevirməyin. Kimsəni müzakirə edib, artıq-əskik, təhqiramiz sözlər yazmayın. Günahı özünüzdə axtarın”. 

Xatırladaq ki, sosial şəbəkələrdə hər üç müğənninin Xalq artisti adına layiq görülməsi böyük etiraza səbəb olub.  

Qeyd edək ki, Prezident estrada ifaçılarına “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı “Xalq artisti” adına layiq görülüblər. 

/Oxu.Az/