Toy günü gəlin niyə qaçdı? - Salyandakı hadisənin səbəbkarı - VİDEO
    • 25-08-2018, 13:37
    • 1 859

Toy günü gəlin niyə qaçdı? - Salyandakı hadisənin səbəbkarı - VİDEO

Salyanın Qaraçala qəsəbəsində keçirilən toy mərasimində baş verən gözlənilməz hadisə cəmiyyətdə birmənalı qarşılanmayıb.
İndi hər kəsi bir neçə sual maraqlandırır. Gəlin niyə qaçıb: məcburi evlilik, yoxsa başqa səbəblər var?

Adət-ənənəyə uyğun olaraq günorta saatlarında gəlin gətirməyə gedən zaman qız evində aldığı xəbər bəyi pis vəziyyətə salıb. 

Hər kəsin maraq və təəccübünə səbəb olan gəlinin toy günü qaçması və bəyin başqası ilə evlənməsi faktı sosial şəbəkələrdə də geniş müzakirə olunub. Bəy gəlinin başqa oğlana qoşulub qaçdığını öyrənib və çarəni özünə təzə gəlin tapıb evlənməkdə görüb. 

Psixoloq Aidə Nəbiyeva deyir ki, bu və buna oxşar hadisələr ilk deyil. Bildirilir ki, gəlin məcburən ərə verildiyi üçün bu addımı atıb:

"Qızın fikrini soruşmurlar. Toylarda heç vaxt bəyin qaçmasına rast gəlməmişik, daha çox bu hadisə yada düşəndə gəlinlə assosiasiya olunur. Bu, bir daha onu göstərir ki, bəzi regionlarda qızın, qadının fikrini soruşmaq o qədər də əhəmiyyət kəsb etmir və populyarlaşmayıb. Elə ailələr var ki, "mənim dediyim qanundu" deyib qızdan soruşmadan onu kiməsə ərə verirlər".

Ajiotaja səbəb olan bu hadisəyə münasibətlər də maraqlıdır. Günahkar valideynlər, xüsusilə də qız anaları hesab olunur. 

Xalidə Vəliyeva - sakin: "Bir iş görəndə gərək övladla məsləhətləşib sonra o addımı atasan. Sabahları o addıma görə də xəcalət çəkməyəsən". 

Əjdər Mərdanov - sakin: "Düz eləməyib. Yəqin məcbur veriblər ki, qaçıb. Ola bilər. Valideyn günahkardır yəqin".

Çimnaz Muradova - sakin: "Ömrü boyu istəmədiyi adamla yaşamalıdır, ona görə də qaçıb da. Düz edib. Günahkar isə valideynlərdir".

Ağa Quliyev - sakin: "Demək ki, o oğlanı sevməyib. Ona görə qaçıb. Sevsəydi, qaçmazdı. Əlbəttə ki, düz edib. Onun valideyninin günahıdır. Valideyn qızı verəndə onun fikrini öyrənməlidir".  

Psixoloqlar belə hallarda çarəni qaçmaqda görmürlər. Valideynləri təkid etmək, onları məcburi evlilik fikrindən daşındırmaq və övladların qərarlarına hörmət etmək tövsiyə olunur. 

Aidə Nəbiyeva - psixoloq: "Gənclərin fikrini öyrənmək vacibdir. Yaşlı nəsil isə bir az öz mövqelərini kənara çəkməlidir ki, belə hallar olmasın. Bu, elə bir məqamdır ki, yaddaşlara yazılır, evlənmək istəyən insanların motivasiyasını aşağı salır, hətta oğlana və onun ailəsinə travma verir".

Bu tip qərarları adətən hislərinin mahiyyətini dərk etməkdə çətinlik çəkənlər verir deyə psixoloq vurğulayır. Bu tip insanlar böyük ehtimalla stress zamanı bu cür yolu seçirlər.

//arb.tv